...

"Donuz qripi"nə yoluxan şəxs Ukraynadan Azərbaycana dəmiryolu nəqliyyatı ilə gəlib

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Noyabr 2009 14:52 (UTC +04:00)
A/H1N1 virusuna yoluxan Azərbaycan vətəndaşı Ukraynadan ölkəyə dəmiryolu nəqliyyatı ilə gəlib, bu barədə çərşənbə günü Azərbaycanın Respublika Taun Əleyhinə Stansiyasının direktoru Şair Qurbanov bildirib.
"Donuz qripi"nə yoluxan şəxs Ukraynadan Azərbaycana dəmiryolu nəqliyyatı ilə gəlib

Azərbaycan, Bakı, 04 noyabr/ Trend , müxbir E.İsmayılov, Ü.İsmayılova /

A/H1N1 virusuna yoluxan Azərbaycan vətəndaşı Ukraynadan ölkəyə dəmiryolu nəqliyyatı ilə gəlib, bu barədə çərşənbə günü Azərbaycanın Respublika Taun Əleyhinə Stansiyasının direktoru Şair Qurbanov bildirib.

Onun sözlərinə əsasən, xəstənin analizləri stansiyanın laboratoriyasına dünən saat 16:00-da daqxil olub, virusun aşkar olunması gecə təsdiq olunub. Hazırda xəstənin vəziyyəti qənaətbəxşdir.

Xəstənin Azərbaycana dəmiryolu nəqliyyatı ilə gəlməsi ilə əlaqədar olaraq oktyabrın 26-da paytaxta gələn Bakı-Kiyev-Bakı dəmiryolu reysinin işçi heyəti bu gün toplanacaq və onlar ilə izahat işi aparılacaq, bu barədə çərşənbə günü "Azərbaycan Dəmiryolları" QSC-nin sanitar həkimi Dilşad Əsgərova bildirib.

"Bu reys ilə oktyabrın 26-da Bakıya gələn heyət ilə bu gün görüş keçiriləcək, onlar sorğu-sual olunacaq", - Əsgərova bildirib.

Onun sözlərinə əsasən, vətəndaş ölkəyə oktyabrın 26-da gəlsə də, onda virus yalnız dünən aşkar olunub, ilk aləmətlərə görə virusun olmasını müəyyənləşdirmək çox çətin olub. "Sərnişində heç bir xəstəlik əlamətləri və hərarətin qalxması müşahidə olunmayıb, buna görə də virus aşkar olunmamışdı", - Əsgərova bildirib.

Əsgərovanın qeyd etdiyi kimi, Azərbaycanın Səhiyyə Nazirliyi QSC-nin həkim-sanitar xidmətinə xəstənin adı və soyadı barədə məlumatları təqdim etməyib. "Bu məlumatların əldə olunmasından sonra oktyabrın 26-da Bakıya gələn sərnişinlərin siyahısı nəzərdən keçiriləcək", - Əsgərova bildirib.

Onun sözlərinə əsasən, QSC virus aşkar olunmadığı halda belə həm gələn, həm gedən qatarların dezinfeksiyasını keçirir. Dezinfeksiya işləri həm daxili, həm də beynəlxalq reyslərdə həyata keçirilir. Vaqon işçiləri də qatarlar hərəkət edən zaman gün ərzində bir neçə dəfə dezinfeksiya işləri həyata keçirir. Bələdçilər ilə daima təlimatlandırma işləri aparılır. "Biz xüsusi dezinfeksiya vasitələri ilə tamamilə təmin olunmuşuq və onlardan geniş şəkildə istifadə edirik", - Əsgərova bildirib.

Azərbaycanın Səhiyyə Nazirliyinin məlumatına əsasən, Ukraynanın İvanovo-Frankov vilayətində müvəqqəti yaşayan və oktyabrın sonunda Azərbaycanın Kürdəmir rayonuna qayıdan Azərbaycan vətəndaşında A/H1N1 aşkar edilib.

Xəstə Elmi-tədqiqat ağciyər xəstəlikləri institutuna yerləşdirilib və həkimlərin nəzarəti altında müalicə kursu keçir.

Xəstə ilə ünsiyyətdə olan şəxslər arasında profilaktik təbirlər keçirilir.

Azərbaycanda iyulda "dozun qripi"nə iki yoluxma faktı qeydə alınıb. Sözügedən faktlar Fransa və İngiltərədən glən şəxslərdə aşkar olunub. Yoluxanların hər ikisi tamamilə sağalıb.

Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən pulsuz olaraq "donuz qripi" A/H1N1 əleyhinə 300 milyon doza peyvənd ayrılan 90 ölkə sırasına daxil olub. Pandemiya əleyhinə vaksinlərin ilk hissəsi ölkəyə noyabrda gətiriləcək.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına əsasən, dünyada "donuz qripi" üzrə ümumilikdə 400 min yoluxma faktı qeydə alınıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti