...

Azərbaycanda daha bir sığorta şirkəti sığorta fəaliyyətinin həyata keçirilməsi üçün müddətsiz lisenziya alıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Noyabr 2009 15:59 (UTC +04:00)
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi "AtaSığorta" Şirkətinə sığorta fəaliyyətinin həyata keçirilməsi üçün 10 noyabr 2009-cu il tarixindən etibarən müddətsiz lisenziya verib.
Azərbaycanda daha bir sığorta şirkəti sığorta fəaliyyətinin həyata keçirilməsi üçün müddətsiz lisenziya alıb

Azərbaycan, Bakı, 17 noyabr / Trend , müxbir Ü.İsmayılova/

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi "AtaSığorta" Şirkətinə sığorta fəaliyyətinin həyata keçirilməsi üçün 10 noyabr 2009-cu il tarixindən etibarən müddətsiz lisenziya verib. Bu barədə şirkətin çərşənbə axşamı yaydığı məlumatda deyilir.

Hazırda "AtaSığorta" şirkəti 26 növ (21 könüllü və 5 icbari) sığorta xidmətləri təqdim edir. Şirkətin təqdim etdiyi əsas sığorta növləri arasında əmlak sığortası, nəqliyyat vasitələrinin sığortası, nəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari və könüllü sığortası, sürücü və sərnişinlərin bədbəxt hadisələrdən sığortası, üçüncü şəxslər qarşısında mülki məsuliyyətin sığortası, yüklərin sığortası, inşaat sığortası, işəgötürənin məsuliyyətinin sığortası, tibbi sığorta, fərdi qəza sığortası, bank və bank fəaliyyətinin sığortası və s. var.

2009-cu ilin 10 ayı ərzində "AtaSığorta" ASC-nin topladığı sığorta haqlarının həcmi 2,38 mln. manat, verilmiş sığorta ödənişləri isə 0,58 mln. manat təşkil edib.

"AtaSığorta" ASC 2004-cü ilin sentyabr ayından sığorta bazarında fəaliyyət göstərir. Səhmdarı "AtaHoldinq" ASC olan şirkətin faktiki ödənilmiş nizamnamə kapitalı 2 milyon manat təşkil edir.

Azərbaycanda sığorta fəaliyyətinin həyata keçirilməsi üçün müddətsiz lisenziyanın alınması 2008-ci ilin mart ayında qüvvəyə minən "Sığorta fəaliyyəti haqqında" qanun ilə nəzərdə tutulub.

Azərbaycanda sığorta fəaliyyətinin həyata keçirilməsi üçün Baki Sigorta, Revan Sigorta, AIG Caspian Insurance Company, MBASK, Emrah Sigorta, Gunay Sigorta, Azergarant Sigorta şirkətlərinə müddətsiz lisenziya verilib.

Noyabrın 17-nə olan rəsmi məzənnə 0,8028 AZN/USD təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti