...

Azerbaijan International Mining Company EITI-yə qoşulub

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Fevral 2010 16:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 fevral / Trend /

Azərbaycanda fəaliyyət göstərən Azərbaycan International Mining Company Limited Şirkəti (AIMC) Mineral ehtiyatların hasilatı ilə məşğul olan sənaye sahələrində Şəffaflıq Təşəbbüsünün (EITI) Azərbaycanda tətbiqinə dair memorandumuna qoşulub. Bu barədə Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) məlumatında deyilir. AIMC Azərbaycanda neft-qaz hasilatı ilə məşğul olan şirkətlərlə yanaşı, bu təşəbbüsdə iştirak edən ilk mədən hasilatı ilə məşğul olan şirkətdir.

Qoşulma aktını imzalamaqla, AİMK memoranduma qoşulmuş digər şirkətlər kimi növbəti - 12-ci hesabat dövrü çərçivəsində 2009-cu il üzrə Azərbaycan Respublikası hökumətinə ödənişləri barədə hesabat verəcək.

AIMC Azərbaycanda qızıl və gümüş hasilatı sahəsində fəaliyyət göstərən şirkətdir. Bu şirkətin Şəffaflıq Təşəbbüsünə qoşulması Azərbaycanda MHŞT-nin tətbiqində yeni mərhələdir. Şirkət ötən ilin yayından etibarən Azərbaycanın Gədəbəy qızıl-mis yatağından hasil edilən qızılın İsveçrəyə ixracına başlayıb.

AIMC altı sahədə qazma işləri aparır. Onlardan biri Naxçıvan Muxtar Respublikasında, ikisi Tovuz və Gədəbəy rayonlarında, üçü işğal edilmiş ərazilərdə (Kəlbəcərdə "Zod" yatağı, Ağdərədə "Qızılbulaq" və Zəngilanda "Vejnəli"). Müqaviləyə əsasən, yataqlardan 400 ton qızıl, 2500 ton gümüş və 1,5 ton mis istehsalı planlaşdırılır.

Ümumilikdə, 2015-ci ilə qədər Gədəbəy yatağından 300 min unsiyadan çox qızıl istehsalı planlaşdırılır.

AIMC-nin memorandum imzalayan şirkətlər sırasına qoşulması ilə həmin şirkətlərin sayı 28-ə çatıb. Memorandum 2004-cü il noyabrın 24-də MHŞT-nin Azərbaycanda həyata keçirilməsi prosesinə qoşulmuş 21 xarici və yerli hasilat sənayesi şirkətləri, o cümlədən Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, BP Azərbaycan, Exxon, Statoil, Total, Lukoil, Chevron, Shell, Devon Enerji kimi böyük şirkətlər tərəfindən imzalanıb. Sonradan memoranduma daha altı şirkət - Inpex Azərbaycan, Binəqədi Oil, RAFI Oil, NICO, Apsheron Investments Ltd və GDF SUEZ Exploration Caspian B.V. şirkətləri qoşulub.

Xəbər lenti

Xəbər lenti