...

Azərbaycanda bəzi çörək növlərinin istehsalı dayandırılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Mart 2010 15:06 (UTC +04:00)
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən "MAKO" kiçik müəssisəsində "Dietik" və "Pəhriz" çörəklərinin istehsalı dayandırılıb.
Azərbaycanda bəzi çörək növlərinin istehsalı dayandırılıb

Azərbaycan, Bakı, 9 mart / Trend /

Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən "MAKO" kiçik müəssisəsində "Dietik" və "Pəhriz" çörəklərinin istehsalı dayandırılıb. Bu barədə çərşənbə axşamı nazirliyin məlumatında deyilir.

Müəssisədə aparılan yoxlama zamanı müvafiq icra hakimiyyəti orqanından icazə alınmadan bu növ çörəklərin istehsalı aydın olub. Bundan başqa, "Dietik", "Borodinski" və "Pəhriz" çörəklərinin etiketində istehsal tarixinin göstərilmədiyi, xammalın saxlanma şəraitinin normativ-texniki sənədlərin tələblərinə uyğun olmadığı müəyyən edilib. Bununla əlaqədar, Dövlət Xidməti tərəfindən hazır məhsuldan və xammaldan nümunələr götürülərək laborator müayinəyə göndərilib.

Müəssisədə olan hazır məhsulların etiketlərindəki son istifadə tarixi əsasında onların saxlama müddəti araşdırılarkən, bu müddətin normativ-texniki sənədlərlə müəyyən edilən müddətlərdən artıq göstərildiyi aşkar olunub, bununla da "MAKO" kiçik müəssisəsi tərəfindən istehlakçıları aldatmaqla haqsız rəqabətə yol verilib.

Müəssisədə aparılan yoxlama zamanı, həmçinin, istehsal edilən çörəklərin qablaşdırılması üçün istifadə olunan xammal və materialların gigiyenik və uyğunluq sertifikatlarının olmadığı, məhsulun üzərinə vurulan etiketlərdə saxlanma şəraiti və müəssisənin ünvanı barədə məlumatların göstərilmədiyi aşkar edilib.

Götürülən nümunələrin laborator müayinələrinin nəticəsinə əsasən, müəssisədə xammal kimi istifadə edilən çovdar səmənisində ekstraktın kütlə payı normadan az, "Borodinski" çovdar çörəyində isə nəmlik normadan artıq olub.

Qeyd olunanlarla əlaqədar "Pəhriz" və "Dietik" çörəklərin istehsalının və anbarda olan 30 ton çovdar səmənisindən çörək istehsalı üçün istifadə edilməsinin dayandırılması, habelə "Borodinski" çovdar çörəyinin istehsalının normativ texniki sənədlərin tələblərinə uyğunlaşdırılması barədə "MAKO" kiçik müəssisəsinə göstəriş verilib. Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlakçılara "MAKO" kiçik müəssisəsinin istehsalı olan "MAKO" əmtəə nişanlı "Dietik", "Pəhriz" və "Borodinski" çörəklərini almamağı tövsiyə edir.

Xəbər lenti

Xəbər lenti