AYİB-in Bakı ofisinin keçmiş rəhbəri "Amrahbank"ın Müşahidə Şurasının yeni üzvü təyin edildi

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Aprel 2010 16:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 aprel /Trend/

Bu gün "Amrahbank" ASC Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Bakı ofisinin keçmiş rəhbəri Aygen Yayikoğlunun Müşahidə Şurasının yeni üzvü təyin edilməsini elan edib. Müşahidə Şurasının sabiq üzvü, Elnur Əmikişiyev Müşahidə Şurası sədrinin müşaviri vəzifəsinə təyin edilib.

"Yayikoğlunun maliyyə və idarəçilik sahələrində həm beynəlxalq miqyasda, həm də bilavasitə Azərbaycan üzrə malik olduğu geniş təcrübə bizim Bankın Müşahidə Şurası üçün çox dəyərli dəstək olub, işimizdə daha yüksək nailiyyətlərə çatmaq imkanı yaradacaq. Mən əminəm ki, Yayikoğlunun bir rəhbər kimi əldə etdiyi müfəssəl bilik və bacarıqlar, maliyyə sektoru üzrə geniş təcrübəsi, bankın keyfiyyət yönəmli inkişafının mükəmməl strategiya və korporativ idarəçilik standartları çərçivəsində həyata keçirilməsində öz töhfələrini verəcəkdir", - yeni təyinat ilə əlaqədar "Amrahbank" ASC Müşahidə Şurasının sədri Yunis İldırımzadə bildirib.

"Mən "Amrahbank"ın Azərbaycan və Bəhreyndən olan səhmdarları ilə artıq bir neçə ildir ki, tanışam və bu bankın Müşahidə Şurasının üzvülüyünə seçilməkdən məmnunluq hissi duyuram. Amrahbank sürətlə, dinamik tərzdə inkişaf edən, fəaliyyətində beynəlxalq korporativ idarəetmə standartlarını tətbiq edən bir bankdır və mən bankın gələcək uğurlarına öz töhfəmi vermək üçün bütün bilik və bacarıqlarımdan istifadə etməyə hazıram", - İstanbulda yerləşən Crescent Capital investisiya şirkətinin icraçı ortağı və təsisçisi olan Yayikoğlu bildirib.

Aygen Yayikoğlu maliyyə sektorunda 15 illik beynəlxalq təcrübəyə malikdir. "Crescent Capital" şirkətini yaratmazdan qabaq, o, 9 il ərzində Avropa Yenidənqurma və İnkişaf Bankının London ofisində çalışıb, altı il ərzində AYİB-in Sarayevo və Bakıdakı nümayəndəliklərinə rəhbərlik edib, sonra isə Beynəlxalq Maliyyə Korporasiyasının İstanbuldakı regional infrastruktur layihələri qrupunun rəhbəri olub.

Hazırda "Amrahbank" ASC-nin Müşahidə Şurasının sədri Yunis İldırımzadə (bankın təsisçisi), digər üzvləri isə Aabed Al Zeera (Bəhreyn "Beynəlxalq İnvestisiya Bankı"nın baş icraçı direktoru), Mohamed Hedi Mejai ("Beynəlxalq İnvestisiya Bankı"nın icraçı direktoru) və Kamal Məmmədzadədir (baş hüquqşünas, "Salans" şirkəti).

1993-cü ildə təsis edilmiş Amrahbank Azərbaycanın ilk və aparıcı kommersiya banklarından biridir. Bank korporativ müştərilərinə və fiziki şəxslərə müxtəlif bank xidmətləri, o cümlədən əmanətlərin yerləşdirilməsi, kreditlərin verilməsi, pul köçürmələri, sənədli əməliyyatlar, investisiyalar üzrə məsləhətçilik xidmətləri və s. təqdim edir.

Amrahbank ölkədaxili banklar arasında ən geniş filiallar şəbəkəsinə malik olan banklardan biridir. Bankın filialları həm Bakı şəhərində, həm də respublikanın müxtəlif regionlarında yerləşir.

Bank bir sıra ixtisaslaşmış təşkilatların, o cümlədən Sahibkarlığa Kömək Milli Fondunun, Əmanətlərin Sığortalanması Fondunun, Azərbaycan Banklar Assosiasiyasının və s. üzvüdür.

Bankın səhmlərinin 49%-nə sahib olan, Bəhreyndə yerləşən Beynəlxalq İnvestisiya Bankı ilə qurulmuş strateji əməkdaşlıq "Amrahbank "da bir çox sahələrin, o cümlədən korporativ idarəetmə, beynəlxalq əməkdaşlıq, məhsul və xidmətlərin keyfiyyətinin inkişafında önəmli rol oynayır.

Xəbər lenti

Xəbər lenti