Azərbaycan, Bakı, 19 aprel /Trend, müxbir Ü.İsmayılova/
Bu gün Azərbaycanın qiymətləndirmə sahəsində, qiymətləndirmə fəaliyyətinin ən çox yayılan növü olan daşınmaz əmlakın qiymətləndirilməsi imkanlarından başqa, digər imkanlara malik olan mütəxəssislər yoxdur. Bunu Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri İbrahim Quliyev deyib.
"Belə mütəxəssislərin olmaması bazarda mövcud tələbatla izah olunur", - Quliyev bildirib.
Onun sözlərinə görə, hazırda azərbaycanlı qiymətləndiricilər yalnız girovlu daşınmaz əmlakın qiymətləndirilməsi ilə məşğuldur.
Quliyevin sözlərinə görə, son vaxtlar Qiymətləndiricilər Cəmiyyətinə daşınan əmlakın, əsasən də avadanlıq və maşınların qiymətləndirilməsi ilə bağlı müraciətlər daxil olur. Həmçinin, beynəlxalq mütəxəssislərin daşınan əmlak sahəsində keçirdikləri müvafiq treninqlərdə iştirakla bağlı qiymətləndiricilərin özlərinin də müraciəti olur.
"Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti əmlakın qiymətləndirilməsinin əlavə növlərinin tətbiqi məqsədilə beynəlxalq mütəxəssislərlə danışıqlara başlayıb", - Quliyev deyib.