Azərbaycan, Bakı, 22 iyun /Trend/
İyunun 21-22-də İslam İnkişaf Bankı (İİB) Qrupunun Bakıda keçirilən 35-ci illik toplantısı çərçivəsində İİB Qrupuna daxil olan Beynəlxalq İslam Maliyyə-Ticarət Korporasiyasının "İslam Konfransı Təşkilatının üzv ölkələri arasında ticarətin inkişafı üzrə Yol Xəritəsinin hazırlanması"na dair iclası keçirilib.
Tədbir Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayevin sədrliyi və İİB-nin prezidenti Əhməd Məhəmməd Əlinin iştirakı ilə keçirilib.
İclasın keçirilməsində məqsəd İKT ölkələri arasında ticarətin genişləndirilməsi üçün Yol Xəritəsinin səmərəliliyinin daha da artırılması yollarını müzakirə etməkdir.
Qeyd edək ki, Yol Xəritəsinin əsas hədəfləri ticarətin maliyyələşdirilməsi, inkişafı, İKT ölkələrinin strateji məhsullarını artırmaq və inkişaf etdirməkdir.
Tədbirdə çıxış edən iqtisadi inkişaf naziri cənab Şahin Mustafayev İKT ölkələri arasında ticarətin genişləndirilməsinin vacibliyini vurğulazıb, Azərbaycan və İKT ölkələri arasında əməkdaşlığın genişləndirilməsinin ölkənin xarici ticarət əlaqələrinin prioritet istiqamətlərindən olduğunu bildirib.
İslam İnkişaf Bankının prezidenti Əhməd Məhəmməd Əli İslam İİB Qrupunun İKT-yə üzv olan ölkələr arasında ticarətin dəstəklənməsi və inkişaf etdirilməsi istiqamətində gördüyü işlərdən bəhs edərək, hər hansı bir ölkənin ticarət əlaqələrini genişləndirmədən uğurlu inkişafa nail olmasının mümkün olmadığını bildirib.