...

Azərbaycan Gömrük Komitəsi ölkəyə Avro-2 standartlarına uyğun olmayan avtomobillərin gətirilməsinin qarşısını almaq üçün tədbirlər görür

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 İyul 2010 17:54 (UTC +04:00)
İyulun 1-dən etibarən ölkəyə gətirilən bütün avtomobillər Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən təsdiq olunmuş siyahı əsasında sərhəd- buraxılış məntəqələrindən ölkə ərazisinə daxil olacaq.
Azərbaycan Gömrük Komitəsi ölkəyə Avro-2 standartlarına uyğun olmayan avtomobillərin gətirilməsinin qarşısını almaq üçün tədbirlər görür

Аzərbaycan, Bakı 2 iyul /Trend, müxbir Ü.İsmayılova/

İyulun 1-dən etibarən ölkəyə gətirilən bütün avtomobillər Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən təsdiq olunmuş siyahı əsasında sərhəd- buraxılış məntəqələrindən ölkə ərazisinə daxil olacaq. Bu barədə cümə günü Dövlət Gömrük Komitəsinin məlumatında deyilir.

"Ölkə ərazisində avtomobillər beynəlxalq standartlara uyğun şəkildə, istehsalçı ölkə və buraxılış ilindən asılı olaraq dövriyyəyə buraxılır", - məlumatda deyilir.

Məlumatda həmçinin bildirilir ki, avtonəqliyyat vasitələrindən atmosferə atılan zərərli maddələrin miqdarını yoxlamaq məqsədilə Dövlət Gömrük Komitəsi tərəfindən müvafiq avadanlıqlar alınıb və gömrük rəsmiləşdirilməsini həyata keçirən Avtonəqliyyat Gömrük İdarəsində iş otaqları ayrılıb.

İyulun 1-dən etibarən Azərbaycanda istismar məqsədilə avtonəqliyyat vasitələrinə Avro-2 ekoloji standartlarının tətbiq edilməsi başlayıb.

Yeni standartlar iki istiqamətdə nəzərdə tutulub:

- Azərbaycana idxal olunan yeni avtomobillərlə bağlı. Əgər avtomobil modeli Azərbaycana birinci dəfə gətirilirsə, onda tullantı normalarına uyğun şəkildə prosedurların aparılması vacibdir. Eyni markalı avtomobilin ölkə ərazisinə gətirilməsi zamanı araşdırmaların aparılması tələb olunmayacaq;

- Avtonəqliyyat vasitələrindən atmosferə atılan zərərli maddələr üzrə Avro-2 ekoloji normalarına uyğun şəkildə istifadə olunan maşınların araşdırılması.

1996-cı ildən sonra buraxılan və Azərbaycana gətirilən avtomobillər tullantılar üzrə texniki pasportda göstərilmiş məlumatlara əsasən yoxlanılacaq. 1996-cı ilə qədər buraxılan maşınların ölkə ərazisinə daxil olması mühərrikdə texniki işlərin yerinə yetirilməsindən sonra mümkün olacaq.

Yeni modellər gətirilərkən bir dəfə yoxlanılacaq və məlumatlar xüsusi bazaya daxil ediləcək. Bundan sonra bu modeldə olan, işlənməmiş bütün avtomobillər Avro-2 standartlarına uyğun yoxlamalar olmadan ölkə ərazisinə buraxılacaq.

Bu şərtlər raritet avtomobillərə şamil olunmur. Həmçinin, standartlar artıq istismarda olan avtomobillərə tətbiq olunmayacaq.

İyulun 1-dən sonra Azərbaycana gətirilən avtomobillər hər il əlavə texniki yoxlamadan keçəcək. İyulun 1-nə qədər ölkəyə gətirilən avtomobillər isə illik ənənəvi texniki yoxlamadan keçəcək.

Hazırda ölkədə neft məhsullarının, xüsusilə də benzin və dizel yanacağının yeganə istehsalçısı ARDNŞ-dir (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti). Şirkətin prezidenti Rövnəq Abdullayev ölkədə istehsal olunan benzin və dizel yanacağının tamamilə Avro-2 standartlarına uyğun gəldiyini bildirib.

Yaxın günlərdə ARDNŞ neft emalı zavodlarının müasirləşdirilməsi hesabına istehsal olunan yanacağın keyfiyyətinin Avro-3 standartlarına yüksəldilməsini planlaşdırır.

Avro-5 və daha yüksək standartlara uyğun neft məhsullarının istehsalı məqsədilə ARDNŞ tərkibinə yeni neft və qaz emal edən və neft-kimya istehsalının daxil olduğu yeni kompleks inşa etməyi planlaşdırır.

Xəbər lenti

Xəbər lenti