...

Azərbaycanda donuzlar arasında "Afrika taunu" virusunun yayılma təhlükəsi yoxdur – Dövlət Baytarlıq xidməti

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 İyul 2010 12:55 (UTC +04:00)
Ötən il Rusiyanın Rostov və digər vilayətlərindən Azərbaycana donuz və donuz yağlarının gətirilməsinə qoyulan qadağa ilə əlaqədar olaraq, ölkədə "Afrika taunu" virusunun yayılması təhlükəsi yoxdur.
Azərbaycanda donuzlar arasında "Afrika taunu" virusunun yayılma təhlükəsi yoxdur – Dövlət Baytarlıq xidməti

Аzərbaycan, Bakı, 17 iyul /Trend, müxbir Ü.İsmayılova/

Ötən il Rusiyanın Rostov və digər vilayətlərindən Azərbaycana donuz və donuz yağlarının gətirilməsinə qoyulan qadağa ilə əlaqədar olaraq, ölkədə "Afrika taunu" virusunun yayılması təhlükəsi yoxdur.

"Bu vilayətlərdən donuzların idxalına qadağa ötən il orada donuzlar arasında "Afrika taunu" virusu aşkar olunarkən qoyulmuşdu", - şənbə günü Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin mətbuat katibi Yolçu Xanvəli deyib.

Cümə günü Rusiyanın baytarlıq laboratoriyasının mütəxəssisləri ölkənin Rostov vilayətində "Afrika taunu" diaqnozunu təsdiq ediblər. Virus vilayətin beş rayonu - Kamen, Konstantinov, Oktyabr, Tarasov və Dubov rayonlarının 12 yaşayış məntəqəsində qeydə alınıb.

Onun sözlərinə görə, heyvanlar arasında təhlükəli xəstəliklərin aşkarlandığı vilayətlərdən donuzların idxalına qadağa üç ildir ki var və təkrar aşkarlanarsa, müddət uzadıla bilər. Xanvəli bildirib ki, Azərbaycan donuz və donuz yağlarını yalnız Avropadan, xüsusilə də Niderland və Danimarkadan idxal edir.

"İdxal olunan donuz və donuz yağları əsasən kolbasa və kolbasa məmulatları üçün istifadə olunur. Ölkədə əhalinin dini düşüncəsinə görə bu ətə çox böyük tələbat yoxdur", - Xanvəli deyib.

Onun sözlərinə görə, ötən il Dövlət Baytarlıq Xidməti Azərbaycanın sabit epizootik vəziyyəti olan ölkələr sırasına daxil etməsi üçün Beynəlxalq Epizootik Büroya müraciət edib.

"Baytarlıq Xidməti Büro laboratoriyasına ölkənin bir neçə rayonundan donuzların qan nümunələrini təqdim edib. Azərbaycanın bu siyahıya qoşulma məsələsi yaxın günlərdə həll olunmalıdır", - Xanvəli deyib.

Bu gün Azərbaycanda donuza tələbat az olduğuna görə təsərrüfatlarda səkkiz min baş donuz saxlanılır.

Xəbər lenti

Xəbər lenti