...

Azərbaycan ticarətdə texniki maneələr sazişi çərçivəsində, ÜTT-nin daha bir tövsiyəsini yerinə yetirib (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Sentyabr 2010 15:13 (UTC +04:00)
Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) daxil olması tələblərinə uyğun surətdə, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi nəzdində təqdimatı çərşənbə günü keçirilən informasiya mərkəzi yaradılıb.
Azərbaycan ticarətdə texniki maneələr sazişi çərçivəsində, ÜTT-nin daha bir tövsiyəsini yerinə yetirib (FOTO)

Azərbaycan, Bakı, 8 sentyabr /Trend, müxbir A.Axundov/

Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) daxil olması tələblərinə uyğun surətdə, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi nəzdində təqdimatı çərşənbə günü keçirilən informasiya mərkəzi yaradılıb.

"Azərbaycanın ÜTT ilə əsas razılaşmalarından biri ticarətdə texniki maneələr sazişinə əməl olunmasından ibarətdir. O, ölkədə akkreditə, standartlaşdırma, metrologiya sahələrinin beynəlxalq standartlara uyğunlaşdırılmasını nəzərdə tutur. Bu sazişin tələblərindən biri də müvafiq informasiya mərkəzinin yaradılmasıdır", - çərşənbə günü təqdimat mərasimində Dövlət Komitəsi Texniki nizamlama və standartlaşdırma şöbəsinin rəhbəri Sabiq Abdullayev deyib.

Onun sözlərinə görə, hər bir istehsalçı, ixracatçı və idxalçı mərkəzə müraciət edə bilər və həm Azərbaycandakı, həm də ÜTT ölkələrindəki standartlar, texniki qaydalar, normativ aktlar haqqında maneəsiz məlumat ala bilərlər.

"Mərkəzdə məlumatın əldə edilməsi ölkələr arasında idxal və ixrac əməliyyatlarına, iqtisadi münasibətlərə bilavasitə təsir göstərə bilər", - Abdullayev qeyd edib.

Abdullayevin sözlərinə görə, 2011-ci il yanvarın 1-dən etibarən, Azərbaycanda ÜTT-nin standartların, texniki qayda və normaların işlənməsi, hazırlanması və təsdiq edilməsi üzrə qaydalar haqqında məcəlləsinin yerinə yetirilməsinə başlanılacaq ki, bu da təşkilatın tələblərindən biridir.

"İnformasiya mərkəzinin yaradılmasında Azərbaycanın Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin, Almaniya Texniki Cəmiyyətinin (GTZ) və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) nümayəndələri iştirak ediblər", - Abdullayev bildirib.

Təqdimatda Azərbaycanın Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin, İqtisadi İnkişaf və Xarici İşlər nazirliklərinin, GTZ-in nümayəndələri, eləcə də Almaniyanın Azərbaycandakı Səfirliyinin nümayəndəsi Piter Ziqler iştirak ediblər.

Xəbər lenti

Xəbər lenti