...

Azərbaycan Nazirlər Kabineti 2011-ci il və sonrakı üç il üçün dövlət büdcəsi və icmal büdcənin layihələrini bəyənib

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Sentyabr 2010 19:18 (UTC +04:00)
Nazirlər Kabineti Azərbaycan Maliyyə Nazirliyinin əlaqədar nazirlik, komitə, idarə və təşkilatlarla birlikdə müvafiq dövlət proqramları əsasında hazırladığı "Azərbaycan Respublikasının 2011-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri" və Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin təqdim etdiyi "Azərbaycan Respublikasının 2011-ci il və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri"ni bəyənib.
Azərbaycan Nazirlər Kabineti 2011-ci il və sonrakı üç il üçün dövlət büdcəsi və icmal büdcənin  layihələrini bəyənib

Azərbaycan, Bakı, 23 sentyabr /Trend, müxbir N.İsmayılova/

Azərbaycan Nazirlər Kabineti Azərbaycan Maliyyə Nazirliyinin əlaqədar nazirlik, komitə, idarə və təşkilatlarla birlikdə müvafiq dövlət proqramları əsasında hazırladığı "Azərbaycan Respublikasının 2011-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri" və Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin təqdim etdiyi "Azərbaycan Respublikasının 2011-ci il və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri"ni bəyənib. Bu barədə Nazirlər kabinetinin rəsmi saytında yerləşdirilən məlumatda deyilir.

"Bu sənədlər və "Büdcə sistemi haqqında" Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulan müvafiq materiallar ölkə Prezidentinə təqdim ediləcək", - məlumatda qeyd edilib.

Qərar imzalandığı gündən - sentyabrın 22-dən qüvvəyə minir.

Çərşənbə günü Azərbaycanın Baş naziri Artur Rasizadənin sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib. İclasda 2011-ci il və sonrakı üç il üçün dövlət büdcəsinin və icmal büdcənin layihələri, Azərbaycan Respublikasının 2011-ci il və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası müzakirə edilib, həmin dövr üçün proqnoz göstəriciləri dinlənilib.

2011-ci il üçün dövlət büdcəsinin layihəsi Azərbaycan Respublikasının müvafiq qanununa, ölkənin iqtisadi və sosial inkişaf konsepsiyasına uyğun olaraq, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında son illərdə əhalinin maddi rifah halının yaxşılaşdırılması, iqtisadiyyatda əldə olunan nailiyyətlərin qlobal maliyyə böhranı şəraitində qorunub saxlanması, ölkənin sosial-iqtisadi kursunun ardıcıl davam etdirilməsi zəminində, həmçinin dünya iqtisadiyyatında növbəti illərdə gözlənilən meyillər nəzərə alınmaqla tərtib edilib.

Layihə hazırlanarkən dövlətin inkişaf strategiyasına və prioritet istiqamətlərə müvafiq büdcənin sosial və investisiya yönümlü olmasına, ölkəmizin müdafiə potensialının, iqtisadi qüdrətinin artırılmasına, enerji, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə, sahibkarlığın inkişafına dəstək verilməsinə, məqsədli dövlət proqramlarının maliyyələşdirilməsinə və digər mühüm cəhətlərə xüsusi diqqət yetirilib.

Dövlət büdcəsinin gəlirləri 12 milyard 061 milyon manat təşkil edir. Xərclər hissəsi isə 12 milyard 748 milyon manat proqnozlaşdırılmaqla Ümumi Daxili Məhsulun (ÜDM) 31,7%-i həcmində nəzərdə tutulur.

2011-ci il üçün icmal büdcənin gəlirləri 15 milyard 557,6 milyon manat, xərcləri isə 15 milyard 129,4 milyon manat proqnozlaşdırılır.

Konsepsiya və proqnozların hazırlanması prosesində ötən ilin yekunları və sosial-iqtisadi nəticələri, aidiyyəti dövlət orqanlarının, iri müəssisələrin təklifləri, eləcə də ölkə iqtisadiyyatının gələcək inkişafına təsir edə biləcək amillər, o cümlədən inflyasiya meyilləri ehtimalı, neftin dünya qiymətinin gözləntiləri və s. nəzərə alınıb.

Müzakirəyə çıxarılan əsas makroiqtisadi göstəricilərin proqnozlaşdırılması məqsədi ilə 2011-ci il üçün ÜDM-in real artım tempi 3,8%, onun qeyri-neft sektoruna aid hissəsi 7,2%, neftin bir barelinin dünya bazar qiyməti 60 dollar, inflyasiyanın səviyyəsi isə 5% həcmində nəzərdə tutulur.

2010-cu ilin dövlət büdcəsinin proqnozlarına edilən dəyişikliklərə əsasən, gəlirlər 1,49 milyard manat artaraq 11,505 milyard manat, büdcənin xərcləri isə 1,11 milyard manat artaraq 12,275 milyard manat təşkil edib.

Büdcə kəsiri 770,3 milyon manat və ya ÜDM-dən 2,3 faiz həcmində proqnozlaşdırılır.

Xəbər lenti

Xəbər lenti