...

"ABB-Moskva" bankının Moskva hökumətinin müvəkkil bankı statusu uzadılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Oktyabr 2010 20:00 (UTC +04:00)
2010-cu ilin sentyabrında Azərbaycan Beynəlxalq Bankının törəmə bankı olan "ABB-Moskva"nın Moskva hökumətinin müvəkkil bankı statusu daha 18 ay uzadılıb.
"ABB-Moskva" bankının Moskva hökumətinin müvəkkil bankı statusu uzadılıb

Azərbaycan, Bakı, 1 oktyabr /Trend/

2010-cu ilin sentyabrında Azərbaycan Beynəlxalq Bankının törəmə bankı olan "ABB-Moskva"nın Moskva hökumətinin müvəkkil bankı statusu daha 18 ay uzadılıb. Bu barədə bankın mətbuat xidmətinin cümə günü yayılan məlumatında deyilir.

"Yaxın vaxtlarda bankın Moskva hökuməti ilə qarşlıqlı fəaliyyət proqramının yeni geniş redaksiyası hazırlanacaq", - məlumatda deyilir.

"ABB-Moskva" MMC Moskva hökumətinin səlahiyyətli bank statusunu ilk dəfə 2004-cü ildə alıb və o vaxtdan onu müvəffəqiyyətlə həyata keçirib. Səlahiyyətli bank statusu "ABB-Moskva"nın maliyyə sabitliyinə, qüsursuz işgüzar reputasiyasına sübutdur və Moskva şəhərinin müxtəlif iqtisadi, investisiya və sosial proqramlarında iştirak üçün imkan yaradır. Bank ticarət, inşaat, istehsal sahələrində müxtəlif layihələri fəal kreditləşdirir, şəhərin iqtisadiyyatında gözə çarpan rolu oynayan müxtəlif şirkətlərin maliyyə tərəfdaşıdır.

Moskva hökumətinin səlahiyyətli banklar institutu 1992-ci ildə kommersiya bankları ilə şəhər icra hakimiyyəti orqanları arasında işgüzar qarşılıqlı əlaqələri qurmaq məqsədilə yaradılıb. Hazırda səlahiyyətli bankların tərkibinə 30 təşkilat daxildir. Bunlar Rusiya Əmanət Bankı, "Rusiya kənd təsərrüfatı bankı", VTB Bank, "Alfa Bank", "Uralsib Bankı", "Rayffayzenbank" Qapalı Səhmdar Cəmiyyəti və başqalarıdır. Onların payına Moskvada aparılan bütün bank əməliyyatlarının əhəmiyyətli həcmi düşür.

"ABB-Moskva" həmçinin 2010-cu ildə TOP-500 qazanclı banklarda 193-cü, aktivlərin istifadəsinin effektivliyi üzrə reytinqdə 120-ci və universal bankların TOP-300-də 162-ci mövqeyi tutmaqla, RBK reytinqinə daxil olub. Rusiya Federasiyasında bu gün təxminən 1000 bank fəaliyyət göstərir.

"ABB-Moskva" Azərbaycan Beynəlxalq Bankının törəmə strukturudur, Rusiya ərazisində öz fəaliyyətini həyata keçirən yüz faizli Azərbaycan kapitalı ilə birinci və yeganə bankdır. Bu gün bankın Moskvada, Sankt-Peterburqda və Yekaterinburqda 12 ofis və filialı var.

Xəbərdə həmçinin deyilir ki, bank kollektivi öz işini 2007-ci ilin sonunda üç illik dövr üçün qəbul edilmiş strateji inkişaf planına uyğun olaraq qurub və xeyli uğurlara nail olub. Nəticədə "ABB-Moskva" Rusiya banklarının dünya maliyyə böhranının nəticəsində yaranmış problemlərin öhdəsindən gələn stressə dözümlü TOP-30 reytinqə daxil edilib.

Xəbər lenti

Xəbər lenti