...

Uçot dərəcəsinin artırılması Azərbaycan Mərkəzi Bankının dünyada iqtisadi vəziyyətin dəyişikliyinə vaxtında verdiyi reaksiyadır – Banklar Assosiasiyasının prezidenti

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Oktyabr 2010 14:23 (UTC +04:00)
Azərbaycan Mərkəzi Bankının noyabrın 1-dən etibarən uçot dərəcəsinin 3 faizədək artırılması barədə qərarı dünyada iqtisadi vəziyyətin dəyişikliyinə vaxtında verilən reaksiyadır.
Uçot dərəcəsinin artırılması Azərbaycan Mərkəzi Bankının dünyada iqtisadi vəziyyətin dəyişikliyinə vaxtında verdiyi reaksiyadır – Banklar Assosiasiyasının prezidenti

Azərbaycan, Bakı, 30 oktyabr /Trend, müxbir N.İsmayılova/

Azərbaycan Mərkəzi Bankının noyabrın 1-dən etibarən uçot dərəcəsinin 3 faizədək artırılması barədə qərarı dünyada iqtisadi vəziyyətin dəyişikliyinə vaxtında verilən reaksiyadır. Bu barədə şənbə günü Azərbaycan Banklar Assosiasiyasının prezidenti Eldar İsmayılov deyib.

"Bu gün dünyada real iqtisadi münasibətlər, ümumilikdə iqtisadi vəziyyət dəyişir. Baxmayaraq ki, böhran hələ də başa çatmayıb, müsbət tendensiyalar müşahidə olunur. AMB bu dəyişikliklərə vaxtında reaksiya verərək uçot dərəcəsini artırıb və hesab edirəm ki, bu, bank sektoruna müsbət təsir göstərəcək", - İsmayılov qeyd edib.

Onun sözlərinə görə, AMB ölkənin bank sektoruna layiqli dəstək verməklə, həmişə dünya iqtisadiyyatında istənilən dəyişiklikləri dəqiq təhlil edir və vaxtında reaksiya verir. Buna misal kimi, böhranlı dövrdə uçot dərəcəsinin dəfələrlə azaldılmasını göstərkmək olar.

"Mərkəzi Bank nəzarətedici orqan kimi, yaxşı analitik bazaya malik olmaqla, bu proseslərə operativ reaksiya verir", - o qeyd edib.

Dünən AMB noyabrın 1-dən etibarən uçot dərəcəsinin üç faizədək artırıldığını elan edib. Eyni zamanda, pul kütləsinin artımının xarici monetar amillərinin tənzimlənməsi məqsədilə bank sektorunun xarici öhdəliklərinin 0,5 faiz səviyyəsində məcburi ehtiyata cəlb edilməsi qərara alınıb.

2010-cu ilin əvvəlindən qlobal iqtisadiyyatın bərpası fonunda valyuta ehtiyatlarının ödəniş balansının profisitinin artımı, eləcə də Azərbaycanın həm daxili, həm də xarici mənbələrindən pul kütləsinin genişləndirilməsi müşahidə olunub.

Bundan əvvəl AMB İdarə Heyətinin qərarı ilə cari ilin mayın 25-dən uçot dərəcəsi iki faizədək azaldılıb. Ötən il uçot dərəcəsi üç mərhələdə 15 faizdən 8 faizədək azadılıb. Eyni zamanda, dünyanın bütün mərkəzi bankları uçot dərəcəsinin azaldılması siyasətini sinxron şəkildə aparıblar, belə ki, iqtisadiyyatın ucuz pullara ehtiyacı olub.

Maliyyə institutları da həm öz vəziyyətlərini sabitləşdirmək, həm də ölkə iqtisadiyyatını ucuz pullarla təmin etmək üçün ucuz resurslara ehtiyac duyublar.

Azərbaycanda pul-kredit siyasəti dünya maliyyə böhranı qarşısında dayanmağa imkan verdi və ölkənin bank sisteminə dəstək verməyə, daha dəqiq desək, dünya bazarlarında likvidlik kəsiri hiss olunduğu bir vaxtda likvidliklə bağlı problemləri həll edərək, bankların əlavə resurslardan istifadəsinə şərait yaratdı.

Xəbər lenti

Xəbər lenti