...

Yeni mexanikləşdirilmiş kompleks tunellərin çəkilməsi prosesini tezləşdirməyə imkan verəcək – "Azərtunelmetrotikinti" SC-nin sədri

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Noyabr 2010 18:52 (UTC +04:00)
Cari ilin sonunadək tunellərin çəkilməsi üçün Almaniyanın "Herrenknecht" şirkəti tərəfindən istehsal olunan mexanikləşdirilmiş tunelqazma kompleksi alınacaq.

Azərbaycan, Bakı, 5 noyabr /Trend/

Cari ilin sonunadək tunellərin çəkilməsi üçün Almaniyanın "Herrenknecht" şirkəti tərəfindən istehsal olunan mexanikləşdirilmiş tunelqazma kompleksi alınacaq. Bu barədə "Azərtunelmetrotikinti" SC-nin sədri Şaiq Əfəndiyev Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Bakı Metropoliteninin perspektiv inkişaf planının müzakirəsinə həsr olunmuş iclas zamanı deyib. Məlumatı cümə günü AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

"Bu kompleksin səmərəli istifadəsi məqsədilə "Azərtunelmetrotikinti" SC-nin nəzdində olan dəmir-beton konstruksiyaları zavodunun sahəsində yeni, müasir tələblərə cavab verən dəmir-beton tübinq istehsal edən sex inşa olunur və avadanlığın quraşdırılması prosesi gedir", - Əfəndiyev qeyd edib.

Onun sözlərinə görə, dəmir-beton tübinqlərin respublikamızda istehsalı və həmin kompleksin işə salınması faktik olaraq, xaricdən asılılığımızı əhəmiyyətli dərəcədə aradan qaldıracaq. Sexin istehsal gücü gündə 15 metr tunel seqmentinin istehsalına imkan verəcək.

"İndiyə qədər keçmiş SSRİ tunelqazma avadanlığından istifadə edərkən layihə sürəti əsasında ayda 60-65 metr tunel inşa etmək olurdu. Yeni komplekslə isə gündə bir istiqamətdə 10-15 metr və ya ayda 250-300 metr tunel inşa etmək mümkün olacaq", - SC-nin rəhbəri vurğulayıb.

Əfəndiyevin sözlərinə görə, 2006-cı ildən etibarən yeni metro stansiyalarının tikintisinə dövlət investisiyalarının ayrılmasına başlanılıb və bu sahəyə qoyulan sərmayənin həcmi sürətlə artaraq 15,5 milyon manatdan 2010-cu ildə 150 milyon manata çatdırılıb.

Bakı Metropoliteni 1967-ci ildən fəaliyyət göstərir və 22 stansiyası var.

Xəbər lenti

Xəbər lenti