Azərbaycan, Bakı, 22 noyabr /Trend/
2010-cu il noyabrın 1-nə "DəmirBank"ın aktivləri 289,1 milyon manat təşkil edib, bu isə ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 32,8 milyon manat və ya 12,8 faiz çoxdur. Müştərilərə verilən kreditlərin həcmi isə bu dövr ərzində 41,8 milyon manat və ya 22,3 faiz artaraq 229, milyon manatı keçib. Bu barədə bankın məlumatında deyilir.
Həmin dövrdə bankda müştəri depozitlərinin həcmi 98,0 milyon manat olub. Əhalinin əmanətlərinin həcmi isə 80,9 milyon manat təşkil edib ki, hesabat dövrü ilə müqayisədə bu göstərici 27,1 faiz və ya 17,3 milyon manat çoxdur.
2010-cu il noyabrın 1-nə bankın nizamnamə kapitalı 20 milyon manat, məcmu kapitalı isə 48,6 milyon manat olub.
Ölkənin ilk banklarından olan "DəmirBank" (əvvəlki adı "Azərdəmiryolbank") 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya Maliyyə İnkişaf Şirkəti (FMO) daxildir.