...

Aktau biznes forumunda Azərbaycan və Qazaxıstan arasında əməkdaşlığın genişləndirilməsi üzrə bir sıra sənədlər imzalanacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Dekabr 2010 15:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 dekabr /Trend, müxbir N.İsmayılova/

Dekabrın 9-10-da Aktauda Azərbaycan və Qazaxıstan arasında iqtisadi əlaqələrin inkişafı və genişləndirilməsi məqsədilə biznes forumunun keçirilməsi planlaşdırılır. Bu barədə çərşənbə günü Azərbaycanın Aktaudakı Baş konsulluğunun məlumatında deyilir.

Biznes forumu Azərbaycanın Aktaudakı Baş konsulluğunun, Azərbaycanın Qazaxıstanda Biznes İnvestisiyaları Assosiasiyası, Qazaxıstan İqtisadi İnkişaf Nazirliyi, Azərbaycan İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) dəstəyi ilə keçirilir.

İqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Qazaxıstan hökumətlərarası komissiyasının altıncı iclasının yekunları üzrə protokola əsasən, biznes forumu çərçivəsində Azərbaycan istehsalı olan məhsulların sərgisi keçiriləcək.

Biznes forumu çərçivəsində ARDNŞ və "ManqistauMunayQaz" SC arasında ekoloji vəziyyətin yaxşılaşdırılması, eləcə də Manqistaunun (Manqışlaq) neft yataqlarının işlənməsi, neft hasilatı və nəqli zamanı çirkləndirilmiş ərazilərin təmizlənməsi sahəsində əməkdaşlıq haqqında memorandumun, Qazaxıstan və Azərbaycanın Turizm assosiasiyaları arasında əməkdaşlıq və qarşılıqlı yardım haqqında memorandumun, Qazaxıstanın "A+A Qazaxıstan" şirkəti və Qazaxıstanın "Caspian Operating" dövlət şirkəti arasında Aktau limanının azad iqtisadi zonasında ərzaq və nəqliyyat-logistik mərkəzin yaradılması üzrə niyyət protokolunun imzalanması gözlənilir.

Bundan başqa, "Caspian Operating" və "Sky Catering" şirkətləri arasında yarımfabrikatların istehsalı üzrə fabrikin tikintisinə dair niyyət protokolunun, "Caspian Operating" və Azərbaycanın Qazaxıstanda Biznes İnvestisiyaları Assosiasiyası arasında Aktau limanının azad iqtisadi zonasında istehsal müəssisələrinin yerləşdirilməsi məqsədilə Azərbaycan sərmayədarları üçün torpaq sahələrinin ayrılması haqqında niyyət protokolunun imzalanması da gözlənilir.

Xəbər lenti

Xəbər lenti