...

Mərkəzi Neftçilər Xəstəxanasının həkimləri Şamaxı Müalicə Diaqnostika Mərkəzində əməliyyat aparıblar

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Dekabr 2010 18:31 (UTC +04:00)
ARDNŞ-nin Sosial İnkişaf İdarəsi yanında Mərkəzi Neftçilər Xəstəxanasının (MNX) Göz Mərkəzinin yüksəkixtisaslı həkim-mütəxəssisləri dekabrın 9-da Şamaxı Müalicə Diaqnostika Mərkəzində yeni humanitar aksiyaya start veriblər.
Mərkəzi Neftçilər Xəstəxanasının həkimləri Şamaxı Müalicə Diaqnostika Mərkəzində əməliyyat aparıblar

Azərbaycan, Bakı, 10 dekabr /Trend/

ARDNŞ-nin Sosial İnkişaf İdarəsi yanında Mərkəzi Neftçilər Xəstəxanasının (MNX) Göz Mərkəzinin yüksəkixtisaslı həkim-mütəxəssisləri dekabrın 9-da Şamaxı Müalicə Diaqnostika Mərkəzində yeni humanitar aksiyaya start veriblər. Bu barədə ARDNŞ-nin cümə günü yayılan məlumatında deyilir.

Heydər Əliyev Fondunun təşəbbüsü, ARDNŞ-nin maliyyə dəstəyi ilə həyata keçirilən bu aksiya çərçivəsində yeni istifadəyə verilmiş Şamaxı Müalicə Diaqnostika Mərkəzində görmə problemi ilə üzləşən Şamaxı, Ağsu, Qobustan və İsmayıllı rayon sakinləri üzərində katarakta əməliyyatı aparılacaq.

Bu xəstəlikdən əziyyət çəkən pasientlər bir neçə ay öncə əməliyyat üçün Şamaxı Müalicə Diaqnostika Mərkəzinə müraciət ediblər. Əməliyyatların Şamaxıdan 15, Ağsudan 6, Qobustandan 2, İsmayıllıdan olan 2 sakin üzərində aparılması nəzərdə tutulur.

Əməliyyata bir gün qalmış xəstələr lazımi müayinədən keçiblər və əks göstəriciləri olmayanlar əməliyyata hazırlanıblar.

MNX-nin tibbi personalı dekabrın 9-da 11 xəstə üzərində əməliyyat həyata keçirib. Onların vəziyyəti qənaətbəxşdir. Dekabrın 10-da isə qalan 14 nəfərin əməliyyat olunacağı gözlənilir.

Xəstələr və onların qohumları bu humanist aksiyanın təşkilinə görə Heydər Əliyev Fonduna və Dövlət Neft Şirkətinə öz təşəkkürlərini bildiriblər.

Onlar Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü və göstərişi ilə inşa olunan Şamaxı Müalicə Diaqnostika Mərkəzinin bölgə əhalisinə yüksək keyfiyyətli tibbi xidmət göstərməsindən məmnunluq ifadə ediblər.

ARDNŞ-nin Səhiyyə Departamentinin rəhbəri, tibb elmləri namizədi Fuad Əlizadənin sözlərinə görə, Şamaxı Müalicə Diaqnostika Mərkəzində kataraktanın müalicəsi üzrə aksiya davam etdiriləcək.

Xəbər lenti

Xəbər lenti