Azərbaycan, Bakı, 23 dekabr /Trend, müxbir N.İsmayılova/
Belarus və Azərbaycan arasında iqtisadi əməkdaşlığın müsbət tendensiyası əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsidir, nəticədə qarşıya yaxın vaxtlarda birgə istehsalın 100 milyon dollara çatdırılması və məhsul çeşidinin genişləndirilməsi vəzifəsi qoyulur. Bu barədə Belarusun Azərbaycandakı səfirliyinin cümə axşamı yaydığı məlumatda deyilir.
"Birgə işin nümunəvi göstəricisi dünya iqtisadiyyatı üçün böhranlı 2009-cu ildə də təmin olunan ikitərəfli mal dövriyyəsinin sabit artımıdır. 2010-cu ilin 9 ayı ərzində qarşılıqlı ticarətin həcmi təxminən 130 milyon dollar təşkil edir ki, bu da ötən ilin həmin dövründən 23,3 faiz çoxdur", - məlumatda deyilir.
Yeddi il bundan əvvəl - 2003-cü ildə bu göstərici 10 milyon dollardan bir qədər çox olub. 2010-cu ilin yanvar-oktyabrında Belarus müəssisələrinin Azərbaycana tədarükü 22,4 faiz, Azərbaycanın Belarusa ixracı isə 56,1 faiz artıb.
Belarusdan Azərbaycana maşınqayırma, ağac emalı, əczaçılıq malları, məişət texnikası, ərzaq malları, tikinti materialları tədarük edilir.
Azərbaycan Belarusa neft-kimya kompleksi məhsullarını, parça və toxuculuq materiallarını, eləcə də kənd təsərrüfatı emalı məhsullar - şirə, fındıq, tütün xammalını ixrac edir.
Hazırda Azərbaycanda Belarusun aparıcı istehsalçılarının iştirakı ilə traktor, yük maşınları, avtomobil kranlar, optik avadanlıq, liftlər istehsal olunur, Gəncə Avtomobil Zavodunun bazasında alman istehsalçılarla birgə müxtəlif növ kommunal texnikanın birgə istehsalının yaradılması üzrə işlər də aparılır.
"Əməkdaşlıq üzrə layihələrin həyata keçirilməsi Azərbaycanda avtomobil istehsalı və kənd təsərrüfatı maşınqayırması kimi sahələrin yaradılmasına xüsusi töhfə verərək, ölkə iqtisadiyyatının diversifikasiyasını təmin edir, xidmətlər sahəsində qarşılıqlı fəaliyyət dərinləşir", - məlumatda qeyd edilib.
2010-cu ilin 9 ayı ərzində Belarus xidmətlərinin Azərbaycana ixracı 125,4 faiz, Azərbaycan xidmətlərinin Belarusa ixracı isə 221 faiz təşkil edib.
"Nəqliyyatın bütün növləri üzrə daşımaların həcmi artmaqdadır. Belarus və Azərbaycan arasında birbaşa hava xəttinin olması səhiyyə və təhsil sahəsində əlaqələrin inkişafına xidmət edir", - məlumatda vurğulanır.
2009-2010-cu illərdə Azərbaycan və Belarusun 3 mindən çox vətəndaşına tibbi xidmətlər göstərilib, bundan başqa, bir sıra yüksək texnologiyalı mürəkkəb əməliyyatlar aparılıb. Azərbaycanın 300-ə yaxın vətəndaşı Belarusda ali təhsil alır.
Məlumatda deyildiyinə görə, elmi-texniki sahədə də konstruktiv əməkdaşlıq qurulub. Belarus və Azərbaycanın Elmlər Akademiyası təşkilatları tərəfindən fizika, kimya, iqtisadiyyat, genetika və zoologiya sahəsində 18 birgə tədqiqat həyata keçirilir. Bu sahədə qarşılıqlı fəaliyyətin effektivliyi praktika ilə təsdiqini tapır. Başa çatan dörd birgə tədqiqatın nəticələri neft emalında, tibbi avadanlıq və kompozisiya materiallarının yaradılmasında istifadə edilib. Beləliklə, alimlərin başa çatan birgə işlərindən heç biri rəfdə yatıb qalmayıb, əksinə, iqtisadiyyatın real sektorunda fayda gətirir.