Azərbaycan, Bakı, 29 dekabr /Trend, müxbir Ü.İsmayılova/
Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Sumqayıt şosesində yerləşən "Bolluq LTD" MMC-də aparılan yoxlama zamanı müəssisə tərəfindən istehsal edilmiş 5,2 ton qənnadı məhsullarının üzərində məhsulun keyfiyyət və təhlükəsizlik göstəricilərini ifadə edən normativ sənədin nömrəsinin göstərilmədiyi, 25,2 ton qənnadı məhsullarının etiketində isə yararlılıq müddətinin normativ sənədlərlə müəyyən edilmiş müddətdən artıq göstərildiyi aşkar olunub. Bu barədə nazirliyin çərşənbə günü yaydığı məlumatda deyilir.
Bundan başqa, aparılan yoxlama zamanı müəssisə tərəfindən istehlakçıların aldadılması halına yol verildiyi müəyyən olunub. Belə ki, "Poz qazan" stimullaşdırıcı lotoreya oyununun keçirilmə və uduşunun verilmə müddətinin bitməsinə baxmayaraq, üzərində "hədiyyəli" yazılmış "Zolotaya Troyka" adlı qızardılmış günəbaxan tumlarının paketlərinin içərisinə həmin lotoreya oyununun kuponlarının qoyulduğu aşkar edilib.
Qanun pozuntuları ilə əlaqədar müəssisənin anbarında aşkar edilmiş 30,4 ton qənnadı məhsullarının, 48 kq "Zolotaya Troyka" adlı günəbaxan tumlarının satışının dayandırılması və bu məhsulların ticarət şəbəkəsindən geri yığılması barədə Dövlət Xidməti tərəfindən "Bolluq LTD" MMC-yə icrası məcburi göstəriş verilib.
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlakçılara "Bolluq LTD" MMC tərəfindən istehsal edilmiş üzərində saxlama müddəti 3 aydan artıq göstərilmiş qənnadı məhsullarını və üzərində "hədiyyəli" yazılmış "Zolotaya Troyka" adlı günəbaxan tumlarını almamağı tövsiyə edir.