...

Azərbaycanda korporativ idarəetmənin milli standartlarının təqdimatı keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Fevral 2011 12:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 fevral /Trend, müxbir N.İsmayılova/

Azərbaycanda bazar ertəsi təqdimatı keçirilən korporativ idarəetmə standartları ölkədə milli xüsusiyyətlər nəzərə alınmaqla korporativ idarəetmənin beynəlxalq normalarının tətbiqi üçün çərçivələr yaradacaq. Trend-in məlumatına görə, bu barədə Azərbaycanın İqtisadi İnkişaf Nazirliyinin Aparat rəhbəri Samir Vəliyev təqdimat zamanı bildirib.

"Bu standartlar dövlət strukturları, özəl şirkətlər tərəfindən ictimai müzakirələrdən keçirilib, nəticədə onların tövsiyə və təklifləri nəzərə alınıb", - Vəliyev bildirib.

Bu standartların əhəmiyyətini və vacibliyini göstərmək məqsədilə ölkənin regionlarında yerli şirkətlər üçün təqdimatlar keçiriləcək. Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) sədrinin müavini İlqar Muradovun sözlərinə görə, QKDK-nın vəzifələrindən biri səhmdarların hüquqlarının müdafiəsindən ibarətdir, onun çərçivəsində korporativ idarəetmə standartlarının tətbiqi QKDK üçün mühüm rol oynayır.

"Biz bu standartların tətbiqinin genişləndirilməsində maraqlıyıq və ümid edirik ki, onlar çox yaxın vaxtlarda bütün səhmdarların stolüstü kitabı olacaq", - Muradov deyib.

Mərasimdə iştirak edən İsveçrənin Azərbaycandakı səfiri Sabin Ulmannın sözlərinə görə, İsveçrə 10 il ərzində Azərbaycanda qeyri-neft sektorunun inkişafına 70 milyon avroya yaxın sərmayə qoyub, eləcə də korporativ idarəetmənin tətbiqi layihəsinin həyata keçirilməsində fəal iştirak edib.

"Bu standartlar ən yaxşı beynəlxalq təcrübəni özündə birləşdirir və ümid edirik ki, onlar ölkədə özəl sektorun inkişafına kömək edəcək", - diplomat qeyd edib.

Bu standartların tətbiqi könüllü xarakter daşıyır, onlar şirkətlərin idarəetmə təcrübəsinin təkmilləşdirilməsi məqsədilə qanunvericiliyə və ölkənin biznes-mühitinə uyğun hazırlanıb.

Standartlar ölkənin İqtisadi İnkişaf Nazirliyi tərəfindən 2011-ci ilin yanvarında təsdiqlənib. Standartlar Beynəlxalq Maliyyə Korporasiyasının (BMK) dəstəyi ilə İqtisadi İnkişaf Nazirliyinin işçi qrupu tərəfindən hazırlanıb. İşçi qrupun tərkibinə QKDK, Azərbaycan İnvestisiya Şirkəti, AMB, Ədliyyə Nazirliyinin nümayəndələri də daxil olublar.

Standartlar bu prinsiplərə əsaslanacaq: bütün səhmdarlara eyni münasibət, Direktorlar Şurasının və menecmentin hesabatlılığı, daha doğrusu maliyyə və başqa hesabatlılıq haqda vaxtında və tam təsəvvür, minoritar səhmdarlar və digər maraq qruplarının maraqlarına riayət olunması məsuliyyəti, eləcə də qanuna sözsüz riayət olunması.

Azərbaycan İnvestisiya Şirkəti BMK və USAID-ın dəstəyi ilə korporativ idarəetmənin AİŞ-in sərmayə yatıracağı yerli şirkətlər üçün nəzərdə tutulan model məcəlləsini də hazırlayıb.

Yerli şirkətlərdə korporativ idarəetmənin təkmilləşdirilmiş praktikasının tətbiqi onlara xarici sərmayədarların maraqlarını, eləcə də ölkənin qeyri-neft sektorunun cəlbediciliyini artıracaq.

BMK-nın korporativ idarəetmə layihəsi (ACGP) 2005-ci ildən fəaliyyət göstərir. BMK-nın təşəbbüsü və İsveçrənin İqtisadi Əməkdaşlıq üzrə Dövlət Katibliyinin (SECO) maliyyələşdirməsi əsasında həyata keçirilən layihənin rəsmi açılışı 2005-ci il yanvarın 26-da keçirilib. Layihənin birinci fazasının üç il müddətinə 2,1 milyon dollarlıq büdcə ilə reallaşdırılması nəzərdə tutulub.

Layihənin ikinci fazasının maliyyələşdirilməsini SECO tamamilə öz üzərinə götürüb və onun həyata keçirilməsinə 4 milyon dollardan artıq vəsait ayırıb.

Korporativ idarəetmə layihəsi korporativ idarəetmə standartlarının İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) normalarına uyğun tətbiqinə kömək edəcək.

Xəbər lenti

Xəbər lenti