Azərbaycan, Bakı, 11 fevral /Trend/
Vergilərin könüllü ödənilməsi sisteminin inkişaf etdirilməsi, Azərbaycanda əlverişli biznes mühitinin formalaşdırılması və vergiödəyicilərə xidmətin səmərəliliyinin daha da artırılması məqsədilə ölkənin Vergilər Nazirliyi daha 8 xidmət terminalını istifadəyə verib. Trend-in məlumatına görə, bu barədə cümə günü nazirliyin rəsmi saytında dərc edilən məlumatda deyilir.
Terminallar Şabran, Siyəzən, Qaradağ, Gədəbəy, Kürdəmir, Ağstafa və Tovuz rayonları, eləcə də Naftalan şəhərində quraşdırılıb.
"Vergiödəyicilərə xidmət terminalları şəbəkəsinin yaradılması sahibkarlığa dövlət dəstəyinin nümunələrindən, müasir Azərbaycanın iqtisadi sistemində texnoloji inkişaf mərhələsinin geniş vüsət almasının göstəricilərindən biridir", - məlumatda deyilir.
Vergiödəyicilər bu terminallar vasitəsilə vergi orqanları ilə elektron sənəd mübadiləsi apara, bəyannamələri və başqa hesabat sənədlərini düzgün tərtib edə və göndərə, bununla bağlı zəruri izahatlar ala biləcəklər. Terminallarda vergi ödəyicilərinə şəxsi vərəqələrindəki məlumatlara baxmaq imkanı da yaradılıb.
İndiyə kimi regionlarda fəaliyyət göstərən 15 xidmət terminalı ilə yanaşı 2010-cu ilin may ayında Bakı şəhərinin Xəzər rayonunun Mərdəkan qəsəbəsində və cari il yanvarın ayının 6-da Nəsimi rayonunda yeni terminallar yaradılaraq vergiödəyicilərin istifadəsinə verilib. Hazırda onların sayı 25-ə çatdırılıb, yaxın günlərdə isə daha 2 yeni terminal istifadəyə veriləcək.
Azərbaycanda ümumilikdə vergiödəyicilərin 82 faizi hesabatları elektron şəkildə təqdim edirlər. Bu, 40-50 faiz arasında dəyişən orta Avropa göstəricisindən xeyli yüksəkdir, bundan əvvəl vergilər nazirinin müavini Natiq Əmirov deyib.
Onun sözlərinə görə, ƏDV ödəyiciləri arasında bu göstərici 93 faiz təşkil edir.