Azərbaycan, Bakı, 11 fevral /Trend, müxbir E.İsmayılov/
Azərbaycan və Rusiya arasında dəmir yolu qatarlarının yeni hərəkət qrafiki tətbiq olunacaq. Trend-in məlumatına görə, bu barədə cümə günü "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov deyib.
Dəmiryolunda baş verən partlayışlarla əlaqədar "Rusiya Dəmir Yolları" ASC Dağıstan və Çeçenistan ərazisində saat 18:00-dan saat 06:00-dək sərnişin qatarlarının hərəkətini dayandırıb. Qadağa fevralın 9-dan qüvvəyə minib. Bu tədbirlər sərnişin və yük qatarlarının təhlükəsizliyinin təmin edilməsi məqsədilə görülüb.
"Hazırda yeni cədvəlin tətbiqi ilə bağlı Rusiya tərəfinin təklifini gözləyirik", - Əzməmmədov bildirib.
Əzməmmədovun sözlərinə görə, bu gün cədvələ əsasən, Bakıya Rusiya ərazisindən hərəkət edən qatarların gəlməsi gözlənilmir.
"Lakin sabah qatarlar paytaxta yubanma ilə gələcək", - o, qeyd edib.