...

Azərbaycan regionlarında sığorta institutunun populyarlaşdırılması biznesin inkişafı üçün böyük imkanlar açacaq - Sığortaçılar Assosiasiyası

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Mart 2011 17:42 (UTC +04:00)
Trend-in Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) Müşahidə Şurasının sədri Azər Əliyevlə müsahibəsi
Azərbaycan regionlarında sığorta institutunun populyarlaşdırılması biznesin inkişafı üçün böyük imkanlar açacaq - Sığortaçılar Assosiasiyası

Azərbaycan, Bakı, 19 mart /Trend, müxbir Ü.İsmayılova/

Trend-in Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) Müşahidə Şurasının sədri Azər Əliyevlə müsahibəsi

- Məlumdur ki, Azərbaycan Sığortaçılar Assosiasiyası martın 16-da Maliyyə Nazirliyinin dəstəyi ilə "Azərbaycanın sığorta bazarı: problemlər və perspektivlər" mövzusunda konfrans keçirib. Bu konfransın təşkil olunmasında məqsəd nədir və tədbirin yekunları üzrə hansı nəticələr əldə olunub?

- Keçirilən konfransın məqsədi sığortanın populyarlaşdırılması və biznes-dairələrin və dövlət məmurlarının diqqətinə sığortanın labüdlüyünü və onun hazırda gündəlik həyatın mühüm hissəsi olduğunu çatdırmaq olub. Bununla əlaqədar assosiasiya bu konfransda iştirak üçün əsasən yerli müəssisə və dövlət müəssisələrinin rəhbərlərini dəvət etmişdi. Hazırda ölkədə dövriyyəsi və gəlirləri milyonlarla sayılan müəssisə az deyil, onların aktiv fəaliyyətində sığorta aləti ya tamamilə yoxdur, ya da az sayda mövcuddur. Bunu heç xatırlayan da yoxdur. Bəs nəyə görə? Çünki sığorta onlar tərəfindən lazımsız və ya gəlir gətirməyən bir şey kimi qəbul edilir. Lakin dünya təcrübəsi göstərir ki, sığorta bizi hər gün və hər yerdə əhatə edən real risklərin nəzərə alınması baxımından, xüsusilə biznesə lazımdır.

120-dən çox təşkilat dəvət olunmuşdu, bunun 90-nı iştirak edib, halbuki qeydiyyatdan demək olar ki, dəvət olunanların hamısı keçmişdi. Hesab edirəm ki, konfrans uğurla keçdi. Belə ki, konfransdan sonra şirkətin məhsulları haqqında təqdimat və informasiyanın əldə edilməsi ilə bağlı çoxlu rəy və müraciətlər olub. Konfransın keçirilməsi ictimaiyyətin diqqətinə sığortanın mahiyyətinin çatıdırılması yolunda ilk addım olub.

Qeyd etmək lazımdır ki, sığorta risk menecmentinin mühüm alətlərindən biridir. İstənilən özəl və dövlət layihələri həyata keçirilmə prosesində riskə məruz qalır. Sığorta riskdən sonra hadisələri idarə etməyə imkan verən alətdir.

Konfransın sayəsində biz ona nail olduq ki, çoxlu sayda insan sığorta haqqında öyrəndi, məhsullarla tanış oldu, sığortanın dünya iqtisadiyyatında hansı yeri tutduğunu bildi. Konfrans zamanı işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortası, həyat sığortası, yığım sığortası, bağlanılan müqavilələrə azı 3 il üçün verilən vergi güzəştləri və digər məsələlər haqqında məlumat verilib.

Konfransın işində Maliyyə Nazirliyi, Azərbaycan Risk Peşəkar Assosiasiyası, Milli Sahibkarlar Konfederasiyası fəal iştirak edərək biznes-qurumların məlumatlandırılmasında və onların konfransın işinə cəlb edilməsində böyük rol oynayıblar. Bu konfransın əsas sponsorları - "Atəşgah Həyat", "Qala Həyat", "Qarant Sığorta", "Standard Sığorta" və "Xalq Sığorta"ya ayrıca təşəkkür edilir.

Assosiasiya bu il daha bir sıra konfransların keçirilməsini planlaşdırır. Gələcək tədbirlərdə sığorta məhsulları və Azərbaycanın sığorta qanunvericiliyindəki yeniliklərlə bağlı məsələlərə diqqət yetiriləcək.

İl ərzində biz azı iki və ya üç belə konfrans keçirtmək niyyətindəyik. Eyni zamanda indi fikirləşirik ki, bu tədbirlərin Bakıda keçirilməsi mütləq deyil. Regionlarımız da fəal surətdə inkişaf edir və inanıram ki, regionların birində sığorta mövzusu ilə bağlı tədbirin keçirilməsi sığorta institutunun həm bu regionda populyarlaşdırılmasına müsbət təsir göstərəcək, həm də sığorta şirkətlərinin biznesinin inkişafı üçün böyük perspektivlər açacaq. Ölkənin regionlarında sığortanın inkişafı üçün ciddi potensial mövcuddur.

- 2008-ci ildə Azərbaycanda ilk dəfə olaraq I Azərbaycan Beynəlxalq Sığorta Forumu keçirilib, lakin bu ənənənin davamı olmayıb. ASA bu forumu 2011-ci ildə keçirməyi planlaşdırırmı?

- Bəli. Ümid edirəm ki, bu il ənənənin davamı olacaq. Beynəlxalq Sığorta Forumunun keçirilməsi çox aktualdır və ölkəmiz üçün böyük əhəmiyyətə malikdir. Forum bu yaxınlarda keçirilən konfransdan fərqli olaraq, sığorta bazarının peşəkar iştirakçılarına hədəflənən tədbirdir. Yəni bunlar sığorta və təkrar sığorta şirkətləri, brokerlər, eləcə də bilavasitə sığorta sahəsində qarşılıqlı fəaliyyətdə olan çoxlu kommersiya təşkilatlarıdır. Əminəm ki, bazarımız həm yaxın, həm də uzaq xaricdən olanların əksəriyyətinin marağına səbəb olacaq. Çünki bu il sığorta sahəsində çoxlu maraqlı hadisə baş verib və baş verəcək. Buna görə də xarici iri sığortaçılar üçün bizim bazar çox maraqlıdır, bu isə yeni potensial, yeni müştərilər, maraqlı imkanları nəzərdə tutur. Forum öz-özlüyündə Azərbaycan bazarının maraqlı olduğu xarici şirkətlər üçün sərgi olacaq.

- ASA Azərbaycanda sığorta işinin fəal təbliği üçün daha hansı konfransları keçirməyi planlaşdırır?

- Biz sığortanın təbliği çərçivəsində sığortanın müəyyən səbəblərdən xüsusi diqqət tələb edən ayr-ayrı növlərinə həsr edilən mövzularda xüsusiləşdirilmiş konfranslar keçirməyi planlaşdırırıq. Bu növlərdən biri kənd təsərrüfatında risklərin sığortalanmasıdır. Kənd təsərrüfatı ölkə inkişafının strateji planlarına daxil olan iqtisadiyyatın sahəsidir. Bununla əlaqədar bu sahəyə çoxlu investisiya qoyulur, dövlət tərəfindən ciddi dəstək verilir. Sığortanın bu növünün inkişaf perspektivləri var. Buna sübut rəqəmlərdir. İnsanların sığortanın imkanlarını başa düşməsi lazımdır. Biz əhalinin məlumatlandırılması və bazarın həcminin artımını təmin etmək məqsədilə belə aktual mövzulu konfranslar keçirmək niyyətindəyik.

- Azərbaycan Sığortaçılar Assosiasiyası Azərbaycanda sığortanın populyarlaşdırılması üçün daha hansı işlər görür?

- Sığortanın fəal təbliği üçün peşəkar kadrların olması vacibdir, bununla əlaqədar biz mütəmadi olaraq bazar iştirakçılarının ixtisasının artırılması üzrə tədbirlər keçirmək niyyətindəyik. Sığortaçıların maarifləndirilməsi üçün müntəzəm kurslar və treninqlər keçirilir. Belə treninqlərin keçirilmə formatı müxtəlifdir. Onların həyata keçirilməsi üçün həm ayrıca şirkətdən mütəxəssislər cəlb oluna bilər, həm də xaricdən məşqçilər dəvət edilə bilər. Təcrübə mübadiləsi və tədris metodologiyasının öyrənilməsi üçün yerli ali məktəblərlə də əməkdaşlıq planlaşdırılır. Bu birgə iş müsbət nəticələrə gətirib çıxaracaq. Bunula da böyüməkdə olan nəsil üçün imkanlar yaradılacaq ki, onlar sığorta məsələlərində daha savadlı olsunlar. Belə ki, onlar sığorta şirkətləri üçün gələcək potensial mütəxəssislərdir. Bundan başqa, belə tədbirlər artıq şirkətlərin mövcud əməkdaşlarının biliklərinin artırılmasına xidmət edir. Bu yaxınlarda qəbul edilən strategiyaya əsasən, assosiasiyanın əsas məqsədi əhali arasında sığortanın təbliği və sığortaçılar arasında peşəkarlığın artırılmasıdır.

- Sığorta institutunun tam inkişafı və onun dünyanın inkişaf etmiş ölkələrində qəbul edildiyi kimi, hər bir ölkə vətəndaşının həyatına daxil olması üçün Azərbaycana nə qədər vaxt lazım olacaq?

- Dünyanın inkişaf etmiş ölkələrinə on ildən çox vaxt lazım olub. Lakin indiki reallıqları və informasiyanın ötürülməsi, alınması və emalı üzrə sürət imkanlarını nəzərə alaraq, güman edirəm ki, bizim ölkədə bu daha tez baş verəcək. Ölkə əhalisi hər gün KİV-dən və digər vasitələrdən dünyada baş verən təbii fəlakətlər, bədbəxt hadisələr və digər kataklizmlər haqqında məlumat əldə edir. Bütün bu proseslər sığortanın vacibliyini təsdiq edir. Güman edirəm ki, artıq 5 ildən sonra Azərbaycanda sığorta bazarının tamam başqa mənzərəsi olacaq. İnsanlar tez-tez müraciət edəcək və tez-tez sığorta haqqında danışacaqlar. Mən tamamilə əminəm ki, artıq bu gün bizim bazarımız yığım üzrə bir milyard manat potesiala malikdir.

Xəbər lenti

Xəbər lenti