...

Azərbaycanın qeyri-neft sektorundan vergi daxilolmalarının artması iqtisadi fəallığın artımı və iqtisadiyyatın şaxələndirilməsinin nəticəsidir - maliyyə naziri

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Aprel 2011 15:06 (UTC +04:00)
Cari ilin birinci rübündə dövlət büdcəsinin mədaxili 2 milyard 768 milyon manat, xərcləri 2,087 milyard manat olub. Trend-in məlumatına görə, bu barədə maliyyə naziri Samir Şərifov deyib.
Azərbaycanın qeyri-neft sektorundan vergi daxilolmalarının artması iqtisadi fəallığın artımı və iqtisadiyyatın şaxələndirilməsinin nəticəsidir - maliyyə naziri

Azərbaycan, Bakı, 13 aprel /Trend/

Cari ilin birinci rübündə dövlət büdcəsinin mədaxili 2 milyard 768 milyon manat, xərcləri 2,087 milyard manat olub. Trend-in məlumatına görə, bu barədə maliyyə naziri Samir Şərifov dünən Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2011-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş geniş iclasında deyib.

Ölkənin dövlət büdcəsinin profisiti 681 milyon manat təşkil edib.

Nazirin sözlərinə görə, cari ilin birinci rübündə dövlət büdcəsinin mədaxili 118 faiz, xərclər üzrə 87,3 faiz yerinə yetirilib. Ötən ilin analoji dövrü ilə müqayisədə büdcə gəlirləri 13,2 faiz, xərcləri 5,5 faiz (108 milyon manat) artıb.

Vergilər Nazirliyi büdcəyə 1 milyard 161 milyon manat, ötən ilin eyni dövrünə nisbətən 151,0 milyon manat və ya 15,0 faiz çox vəsaitin daxil olmasını təmin edib. Bu vəsaitin 58,7 faizi və ya 681,0 milyon manatı qeyri-neft sektorundan daxilolmaların payına düşür ki, bu da 2010-cu ilin müvafiq dövrünə nisbətən 132,0 milyon manat və yaxud 24,0 faiz çoxdur.

"Qeyri-dövlət sektorunda iqtisadi fəallığın artması və iqtisadiyyatın şaxələndirilməsi tədbirlərinin real nəticəsi kimi bu sektor üzrə daxilolmaların həcmi 2010-cu ilin müvafiq dövrünə nisbətən 20,9 faiz, vergi daxilolmalarında xüsusi çəkisi isə 2010-cu ilin müvafiq dövrünə nisbətən 3,5 faiz artaraq 67,6 faizdən 71,1 faizə çatıb. Dövlət Gömrük Komitəsi tərəfindən proqnoza 100,2 faiz əməl olunmaqla büdcəyə 241,0 milyon manat vəsaitin daxil olması təmin edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 17,1 faiz çoxdur", - nazir bildirib.

Dövlət Neft Fondundan büdcəyə 1 milyard 330 milyon manat vəsait transfer edilib. Sair daxilolmalar üzrə büdcəyə 36,0 milyon manat vəsait təmin edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 32 milyon manat çoxdur.

"2011-ci il dövlət büdcəsinin gəlirləri üzrə faktiki daxil olan vəsaitdən səmərəli və məqsədyönlü istifadə edilməklə dövlətə məxsus əsas sosial vəzifələrin stabil maliyyələşdirilməsi təmin edilib, təşkilatlardan daxil olan bütün xərc sifarişləri öz maliyyə təminatını tapıb, əmək haqqı, pensiya, müavinət, daxili və xarici borc və digər xərclər üzrə borc yaranmayıb", - Şərifov əlavə edib.

İqtisadi təsnifata uyğun olaraq, birinci rübdə dövlət büdcəsinə daxil olan vəsaitin 47,9 faizi və ya 1,0 milyard manatı sosial təyinatlı xərclərin maliyyələşdirilməsinə yönəldilib ki, bu da 2010-cu ilin eyni dövrü ilə müqayisədə 129,0 milyon manat və ya 14,9 faiz çox olub.

Cari ilin 1-ci rübündə sosial müdafiə və sosial təminat xərclərinə 408,0 milyon manat və ya 2010-cu ilin eyni dövrü ilə müqayisədə 19,2 faiz çox vəsait ayrılıb.

2011-ci ilin 1-ci rübündə ötən ilin eyni dövrü ilə müqayisədə müdafiə xərclərinə 21,9 faiz, səhiyyə xərclərinə 21,8 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq xərclərinə 18,3 faiz, təhsil xərclərinə 12,4 faiz vəsait yönəldilib.

Dövlət investisiya xərclərinə 546,0 milyon manat vəsait yönəldilib, əsas investisiya layihələrinin maliyyələşdirilməsi təmin edilib. Həmin vəsaitdən 78,0 milyon manat təhsil, səhiyyə, mədəniyyət, idman və digər sosial-mədəni və məişət təyinatlı obyektlərin tikintisinə və yenidən qurulmasına xərclənib.

Ölkənin əsas enerji, su təchizatı, qaz, nəqliyyat, kommunal, meliorasiya infrastrukturlarının tikintisi və yenidənqurulması üçün 363,0 milyon manat, o cümlədən yol-nəqliyyat infrastrukturunun tikintisi və yenidən qurulması üçün 144,0 milyon manat, Bakı Metropoliteninin stansiyalarında tikinti və yenidənqurma işlərinə 24,0 milyon manat, "Bakıelektrikşəbəkə" Səhmdar Cəmiyyətinin nizamnamə kapitalının artırılmasına 17,0 milyon manat, regionların içməli su və suvarma-drenaj infrastrukturunun bərpasına 10,0 milyon manat, "Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı"nın həyata keçirilməsinə 20,0 milyon manat, "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinə 143,0 milyon manat, digər dövlət əhəmiyyətli tədbirlərin maliyyələşdirilməsinə 5,0 milyon manat vəsait sərf edilib.

2011-ci ilin birinci rübündə yol, su təchizatı və meliorasiya, kənd təsərrüfatı, sosial və digər infrastrukturların tikintisi və yenidən qurulması üçün Azərbaycan hökuməti tərəfindən xaricdən 206,0 milyon manat məbləğində vəsait cəlb olunub.

Nazirin sözlərinə görə, Dövlətin xarici və daxili borclarının idarə olunması, beynəlxalq səviyyədə və ölkə daxilində borc öhdəliklərinin yerinə yetirilməsi diqqətdə saxlanılıb, cari ilin birinci rübündə həmin məqsədə büdcədən 154,0 milyon manat vəsait yönəldilib. Bundan başqa, xaricdə olan diplomatik nümayəndəliklərinin fəaliyyəti üçün dövlət büdcəsindən 15,0 milyon manat, ölkəmizdə keçirilmiş bir sıra beynəlxalq və respublika səviyyəli tədbirlərin maliyyələşdirilməsinə 3,5 milyon manat, kənd təsərrüfatı məhsullarının istehsalçılarına maliyyə dəstəyinin göstərilməsinə 25,0 milyon manat vəsait yönəldilib. "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinə 14,0 milyon manat, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinə 4,5 milyon manat vəsait ayrılıb.

Azərbaycanın 2011-ci il üçün dövlət büdcəsi 12,061 milyard manat gəlirlə, 12,748 milayard manat xərclərlə təsdiq edilib. Azərbaycanın 2011-ci il üçün dövlət büdcəsinin kəsiri 687 milyon manat və ya ÜDM-nin 1,7 faizi səviyyəsində proqnozlaşdırılır.

Aprelin 13-nə olan rəsmi məzənnə 0,792 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti