...

Azərbaycan hökuməti MARİƏ-nin təşəbbüslərini dəstəkləməyə hazırdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 May 2011 14:11 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 may /Trend/

Bazar ertəsi Bakıda Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (MARİƏ - CAREC) Proqramının Enerji Sektorunun Koordinasiyası Komitəsinin (ESKK) iclası öz işinə başlayıb. Trend-in məlumatına görə, bu barədə Asiya İnkişaf Bankının (AİB) məlumatında deyilir.

ESKK-nın iclasında elektroenerji, enerji istehsalı və tələbatı, milli və regional enerji təhlükəsizliyi ilə bağlı məsələlər müzakirə ediləcək. İclasda, həmçinin elektrik stansiyalarının planlaşdırılması və onların fəaliyyəti kimi texniki mövzular və MARİƏ-yə üzv ölkələr arasında karbohidrogen ticarətin maliyyələşdirilməsi imkanları müzakirə olunacaq. ESKK-nın iclası mayın 25-də yekunlaşacaq.

ESKK-nın iclasında 10 ölkənin (Əfqanıstan, Azərbaycan, Çin Xalq Respublikası, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Pakistan, Tacikistan, Türkmənistan və Özbəkistan) yüksək səviyyəli hökumət rəsmiləri iştirak edirlər.

ESKK-nın Bakı toplantısı barədə danışan Asiya İnkişaf Bankının (AİB) enerji məsələləri üzrə mütəxəssisi Levan Mltçedişvili bildirib: "Regionun enerji sektoru ilə bağlı uzunmüddətli baxış ondan ibarətdir ki, enerji sektorunun təhlükəsizliyi regiondakı enerji infrastrukturunun və institutlarının balanslı şəkildə inkişaf etdirilməsi vasitəsilə həyata keçirilməlidir. Bütün fiziki və hüquqi şəxslərin zəruri həcmdə və kommersiya əsasları ilə etibarlı, maliyyə cəhətdən davamlı enerji ilə təminatı regionun enerji bazarlarının daha sıx inteqrasiyası yolu ilə olmalıdır. ESKK-nın rolu ondan ibarətdir ki, regionun enerji sektoru ilə bağlı uzunmüddətli strategiya iqtisadi və maliyyə cəhətdən düşünülmüş sərmaye tədbirləri hesabına həyata keçirilməlidir və regiondakı bütün dövlətlərin maraqları nəzərə alınmalıdır. Biz, Azərbaycan hökumətinə bu cür vacib görüşə ev sahibliyi etdiyi üçün öz təşəkkürümüzü bildirmək istərdik".

Azərbaycan Respublikası sənayə və energetika nazirinin müavini Natiq Abbasov Azərbaycan hökumətinin MARİƏ-nin enerji əməkdaşlığı ilə bağlı təşəbbüslərini daima dəstəklədiyini və gələcəkdə də dəstəkləyəcəyini bildirib.

MARİƏ 1997-ci ildə yaradılıb və AİB, Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Valyuta Fondu, İslam İnkişaf Bankı, BMT-nin İnkişaf Proqramı və Dünya Bankı tərəfindən dəstəklənir. MARİƏ-nin məqsədi Mərkəzi Asiya ölkələri arasında iqtisadi əməkdaşlığı sürətləndirməkdir. ESKK MARİƏ-nin tərkibində olan qurumdur və enerji əməkdaşlığı sahəsində fəaliyyət göstərir.

AİB 1996-cı ildə yaradılıb. Bankın baş ofisi Maniladadır (Filippin).

Xəbər lenti

Xəbər lenti