...

Azərbaycanda bank sığortaçılığı perspektivli satış kanalı ola bilər

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 İyul 2011 18:37 (UTC +04:00)
Bakıda keçirilmiş II Beynəlxalq Sığorta Forumunda müzakirə edilmiş məsələlərdən biri də bank sığortaçılığı olub.
Azərbaycanda bank sığortaçılığı perspektivli satış kanalı ola bilər

Azərbaycan, Bakı, 11 iyul /Trend/

Bakıda keçirilmiş II Beynəlxalq Sığorta Forumunda müzakirə edilmiş məsələlərdən biri də bank sığortaçılığı olub. Bank sığortaçılığı ilə bağlı suallarımızı "Başak-İnam Sığorta Şirkəti" ASC-nin Marketinq və Satış Departamentinin müdiri Hikmət Allahverdi cavablandırır.

- Bildiyiniz kimi, Azərbaycanda sığorta haqları əsasən bank kanalları vasitəsilə daxil olur. Sizcə bunun səbəbi nədir?

- Ümumiyyətlə, bank sığortaçılığı (bancassurance) anlayışı 1980-ci illərdə Fransada bankların geniş müştəri portfelinin bankçılıq və sığortaçılıq məhsullarına olan ehtiyacını eyni anda qarşılamaq məqsədilə ortaya çıxmış bir termindir. Bank sığortaçılığı müxtəlif ölkələrdə fərqli şəkillərdə tətbiq olunur. Buradakı fərqlilikləri doğuran əsas amillər milli qanunvericilik, istehlakçı davranışları və alışqanlıqları, maliyyə sisteminin inkişaf səviyyəsi, bankçılıq və sığortaçılıq sektorlarının inteqrasiya və əməkdaşlıq təcrübəsi, ictimai sığorta maarifçiliyi və s. sahələrlə bağlıdır.

Azərbaycanda hazırda bank fəaliyyətinin həyata keçirilməsi üçün lisenziyası olan maliyyə təşkilatlarının sayı cəmi 150-dir. Bunların 44-ü kommersiya bankı, 106-sı bank olmayan kredit təşkilatıdır. Bankların müştərilərə verilmiş kreditlərinin həcmi cari ilin 1 aprel tarixinə 7,763 milyard manat təşkil edir. Banklar Azərbaycanın bütün regionlarına yayılıblar.

Belə ki, hazırda bankların 646 yerli filialı və 123 şöbəsi fəaliyyət göstərir. Bank olmayan kredit təşkilatlarını da nəzərə alsaq, bu rəqəm daha da yüksələcək. Bu potensial istər-istəməz sığorta şirkətlərinin də diqqətini cəlb edir.

- Sizcə, bank sisteminin hazırkı inkişaf səviyyəsi sığorta bazarını stimullaşdıracaq infrastruktura malikdirmi?

- Sualınıza müsbət cavab verə bilərəm. Birincisi, ölkəmizdəki bank sisteminin ən üstün xüsusiyyəti struktural sağlamlıqla bağlıdır. Hər kəsə məlumdur ki, Azərbaycanda bank sektoru maliyyə sektorunun digər sahələri ilə müqayisədə (sığortaçılıq, qiymətli kağızlar birjası) daha çox inkişaf edib. Adıkeçən sektor xüsusilə 2000-ci illərin əvvəlində ekstensiv və intensiv mənada ciddi bir böyümə performansı sərgiləyib. Belə ki, kommersiya banklarında 2003-cü ildə cəmi 450 milyon manat vəsait cəlb edilmişdirsə, 2011-ci ilin fevralında anoloji rəqəm 4,906 milyard manata yüksəlib. Eyni zamanda, yerli valyutaya olan inamın artması sayəsində bu dövrdə manatla olan depozitlərin miqdarı 70 milyon manatdan 2,541 milyard manata yüksəlib.

İkincisi, yerli bank sektoru istehlakçı ehtiyaclarını qarşılamaqda üstün mövqeyə malikdir. Xüsusilə, son illərdə bankların mikrokreditlərə yönəlməsi, kreditlərin kənd təsərrüfatı məhsulları istehsalçılarını da əhatə etməsi, istehlak kreditləri, islam bankçılığı məhsullarının təklif edilməyə başlanması kimi xidmətlər bank məhsullarını daha da populyarlaşdırıb.

Başqa bir amil, bankların ictimaiyyətlə əlaqələr işinə daha çox əhəmiyyət verilməsi ilə bağlıdır. Ölkədə fəaliyyət göstərən banklar digər maliyyə təşkilatları (sığorta şirkətləri, bank olmayan kredit təşkilatları, lizinq, qiymətli kağızlar bazarının iştirakçıları və s.) içində PR, marketinq və reklam fəaliyyətlərinə ən çox yer verən quruluşlardır.

Eyni zamanda, banklar ölkədə sığorta sektoru ilə müqayisəedilməz dərəcədə geniş müştəri bazasına sahibdirlər. Ölkədə fəaliyyət göstərən kommersiya bankları çox geniş bir müştəri bazasına (yaş, cinsiyyət, gəlir səviyyəsi, daşınan və daşınmaz əmlak sahibliyi, peşə və s.) sahibdirlər.

Həmçinin, bank sektorundakı texnoloji inkişaf səviyyəsi və dünyada baş verən yenilikləri ölkəyə gətirmə sürəti daha yüksəkdir. Belə ki, banklar informasiya texnologiyaları sahəsində baş verən dəyişiklikləri (ATM, internet bankçılığı, "call center" və s.) qısa müddət ərzində fəaliyyətlərinə adaptasiya edirlər.

Son olaraq, əvvəl qeyd etdiyim kimi, bank sektoru geniş şöbə və filial şəbəkəsi ilə Azərbaycanın bütün bölgələrini əhatə edib.

- Bütün sadaladığınız üstünlüklərə baxmayaraq, ölkədə bank sığortaçılığı dünya praktikası ilə müqayisədə nisbətən aşağı səviyyədədir. Bunun səbəbini nədə görürsünüz?

- Əvvəla qeyd edim ki, sığortaçılıq bankların əsas fəaliyyət istiqaməti deyil. Kommersiya bankları sığortaçılıq məhsullarını əlavə iş olaraq görürlər. Dünyadan fərqli olaraq Azərbaycanda sığorta məhsullarının bank məhsullarını tamamlama xüsusiyyəti tam nəzərə alınmır.

Digər problem, informasiya əskikliyi ilə bağlıdır. Kommersiya banklarında çalışanlar sığortaçılıq məhsulları haqqında lazımi məlumata malik deyillər. Dolayısı ilə müştərilər dolğun informasiya ilə təmin edilmir.

Başqa bir məqam, bank çalışanlarının performans kriteriyalarında sığortaçılıq ön planda deyil. Kommersiya bankları öz işçilərinin məhsuldarlıq və performans kriteriyalarının dəyərləndirilməsi zamanı sığorta məhsullarının satış həcmini nəzərə almırlar.

Yerli qanunvericilik bank sığortaçılığını məhdudlaşdırır. Bildiyiniz kimi, hazırda "Banklar haqqında Azərbaycan Respublikasının Qanunu" kommersiya banklarının sərbəst şəkildə sığortaçılıq fəaliyyəti göstərməsini qadağan edir.

Qeyd edim ki, adətən sığorta agentləri və brokerləri kimi professional sığorta vasitəçilərinin sığorta məhsullarının satışında kommersiya banklarının müstəqil rol almasına münasibəti mənfi olur.

- Bəs sahənin perspektivini necə görürsünüz?

- Bank sektorunda rəqabət səviyyəsinin getdikcə artması ilə faiz dərəcələrinin ortamüddətli perspektivdə aşağı enəcəyini təxmin edirəm. Bu vəziyyət sığorta haqlarından tutulan komisyon gəlirlərin nisbi əhəmiyyətini artıracaq.

Ümumiyyətlə, getdikcə artan istehlak kreditləri sayəsində daha çox fiziki şəxs müştəri ilə təmas şansı yaranır. Bildiyiniz kimi, kommersiya bankları əvvəllər fəaliyyətlərini əsasən Bakı, Sumqayıt, Gəncə kimi böyük şəhərlər və hüquqi şəxs müəssisələr üzərində konsolidasiya etmişdilər. Getdikcə digər rayonlara və fərdi müştərilərə də ciddi əhəmiyyət verməyə başlayıblar. Bu vəziyyət sığorta məhsulları baxımından böyük potensial vəd edir.

Həmçinin, bazarda bankların müxtəlif kredit kampaniyaları ilə niş bazarlar yaratma meylləri hiss olunur. Kommersiya bankları müştərilərin ən müxtəlif ehtiyaclarına uyğun kredit kampaniyaları keçirərək niş bazarlar yaradırlar ki, bu da yaradılan niş bazarlara spesifik sığorta məhsullarını təklif etmək imkanı verir.

Sığorta şirkətləri ilə müqayisədə ölkədə kommersiya banklarına olan inamın səviyyəsi daha yüksəkdir. Bu baxımdan, keçmişdə bank məhsullarını istehlak edən və razı qalan sadiq müştərilərə sığorta məhsullarını da təklif etmək daha məqbuldur.

Bütün bunlar nəzərə alınaraq, bankların sığortaçılıq məhsullarına daha çox yönəlməsi maliyyə bazarını daha da böyüdə və bankların daha da geniş kütlələrə açılmasına səbəb ola bilər.

Ümumiyyətlə qeyd edim ki, dünyada bank sığortaçılığı əsasən həyat sığortası üzrə daha aktivdir. Belə ki, bəzi ölkələrdə həyat sığortası şirkətləri toplam sığorta haqlarının yarısından çoxunu məhz bu satış kanalından əldə edirlər. Qeyri-həyat sahəsində bank sektorunun payı nisbətən aşağı səviyyədə olsa da, bu rəqəm adətən 10%-in üzərindədir. Məsələn, bu göstəricilər müvafiq olaraq Portuqaliyada 88% və 10%, Fransada 64% və 9%, Almaniyada 25% və 12%, Britaniyada 20% və 10%, İspaniyada 72% və 7%, Türkiyədə 47% və 10%, Braziliyada 55% və 13% səviyyəsindədir.

- Sizcə, bank sığortaçılığının bank sektoru üçün ən böyük üstünlüyü nə ola bilər?

- Qeyd edim ki, ölkənin bank sistemi 2004-cü ildən etibarən 7 illik dövrdə ilk dəfə 2011-ci ilin yanvarında zərər edib. Daha sonra banklar təkrar mənfəətli fəaliyyətə keçsələr də, bu mənfəət mütləq dəyər olaraq əvvəlki illərlə müqayisədə nisbətən aşağıdır. Bank sığortaçılığı bu baxımdan əhəmiyyətli rol oynaya bilər. Belə ki, banklar müştərilərə verdikləri kreditləri müxtəlif sığorta növləri ilə təminat altına almaqla, şübhəli kreditlərin həcminin aşağı səviyyəyə düşməsinə nail ola bilərlər. Bu isə həm bank sektorunun mənfəətliliyini təmin edəcək, həm də orta və uzun müddətdə ölkədə kreditlərə tələb olunan faiz dərəcələrini də aşağı səviyyəyə salacaq.

Burada son bir məqamı vurğulamaq istərdim. Ümumiyyətlə, sığorta şirkətləri satış kanallarını maksimum diversifikasiya etməlidirlər. Çünki sığorta sektorunun satış kanalları baxımından kommersiya banklarından ifrat asılılığı bank sektoru ilə bağlı sistematik bir böhran zamanı sığorta haqlarına da kəskin mənfi təsir göstərə bilər. Bu baxımdan, digər satış kanallarının da ciddi inkişafına nail olmaq şərti ilə, buna paralel olaraq, bank sığortaçılığının da inkişaf etdirilməsi və mövcud potensialının tam dəyərləndirilməsi sığorta sektoru üçün ciddi stimul təşkil edə bilər.

Xəbər lenti

Xəbər lenti