Azərbaycan, Bakı, 4 avqust /Trend/
Azərbaycanın "Akkord Sənayə Tikinti İnvestisiya Korporasiyası" ASC İtaliya şirkətləri ilə yaradılmış konsorsiumla Ukraynanın Avtomobil Yolları Dövlət Xidmətinin M06 Kiyev-Çop yolunun əsaslı bərpası layihəsi üzrə tenderin qalib elan edilib. Trend-in məlumatına görə, bu barədə ASC-nin cümə axşamı yaydığı məlumatda deyilir.
Tenderdə Azərbaycan və İtaliya şirkətləri ilə yanaşı, Sloveniya, Türkiyə, Koreya, Çin, Avstriya, Ukrayna və s. ölkələrdən şirkətlər iştirak edib. Tenderin yekunları bu ay açıqlanıb.
M06 Kiyev-Çop yolunun əsaslı bərpası üzrə layihə (14-128 km) dörd lotdan ibarət olmaqla hər birisi iki lotu əhatə edən iki müqavilə ilə tənzimlənir. Layihə üzrə müvafiq müqavilələr bir tərəfdən Ukraynanın Avtomobil Yolları Dövlət Xidməti - (Ukravtodor) və digər tərəfdən "Akkord" Korporasiyası ilə İtaliya şirkətlərindən təşkil olunmuş Konsorsium tərəfindən imzalanıb. Hər iki müqavilənin ümumi dəyəri 204,5 milyon avro təşkil edir.
M06 Kiyev-Çop yolunun əsaslı bərpası layihəsi Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfindən maliyyələşdirilir və 2012-ci ildə Ukraynada keçiriləcək futbol üzrə Avropa Çempionatına hazırlıq tədbirləri çərçivəsində həyata keçirilir.
Qeyd edək ki, "Akkord" Korporasiyası dünyanın aparıcı reytinq agentlikləri ilə reytinqin alınması üçün danışıqlara başlayıb və bu ilin sonunadək reytinqin alınması planlaşdırılıb. Belə ki, "Akkord" Korporasiyasında biznes istiqamətlərinin, strateji planlaşdırmanın, korporativ idarəetmə və maliyyə hesabatlarının hazırlanması və açıqlanması təcrübələrinin, investisiya cəlbediciliyi və s. mühüm amillərin qiymətləndirilməsi və nəticə etibarı ilə müvafiq reytinqin verilməsi həyata keçirilicək. Reytinqin alınması "Akkord" Korporasiyasında həm hazırki durumu obyektiv qiymətləndirmək, həm də təkmilləşdirilməsi tələb olunan sahələri müəyyən etmək imkanı verəcək. Bu əhəmiyyətli təşəbbüs Korporasiya üçün beynəlxalq bazarlara çıxış imkanlarını daha da genişləndirəcək və investorların, bankların və digər maraqlı şəxslərin ona olan etibarını gücləndirəcəkdir.