...

Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi ət və süd emalının səviyyəsini artıracaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Avqust 2011 18:32 (UTC +04:00)
Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi ölkədə istehsal edilən ət və süd emalının səviyyəsini 2010-cu ildəki 7,8 və 30 faizdən müvafiq olaraq 50 və 60 faizədək artırmağı planlaşdırır.
Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi ət və süd emalının səviyyəsini artıracaq

Azərbaycan, Bakı, 19 avqust /Trend, müxbir A.Axundov/

Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi ölkədə istehsal edilən ət və süd emalının səviyyəsini 2010-cu ildəki 7,8 və 30 faizdən müvafiq olaraq 50 və 60 faizədək artırmağı planlaşdırır. Trend-in məlumatına görə, bu barədə kənd təsərrüfatı naziri İsmət Abasovun Azərbaycan-Türkiyə İş Adamları Birliyinin (ATİB) "EcoVision" jurnalında dərc edilən müsahibəsində deyilir.

"2011-ci ilin yanvarın 1-nə Azərbaycanda 253,8 min ton ət və 1529,2 min ton süd istehsal edilib, lakin 7,8 faiz ət və 30 faiz süd emal edilib. Emal sahəsində vəzifələrdən biri bu göstəricilərin müvafiq olaraq 50 və 60 faizə çatdırılmasıdır", - Abasov qeyd edib.

Onun sözlərinə görə, hazırda ölkədə ət emalı üzrə 27 və süd emalı üzrə 54 müəssisə fəaliyyət göstərir.

"Bu say əhalinin ət və süd məhsullarına olan ehtiyacını qismən ödəyir", - nazir bildirib.

Abasovun sözlərinə görə, gələcəkdə yem bitkilərinin əkin sahələrinin 500 min hektaradək və buna müvafiq olaraq qara mal başlarının sayının, ölkədə istehsal edilən ət və süd məhsullarının həcminin artırılması gözlənilir.

"Azərbayacnda damazlıq heyvandarlığının inkişafı məqsədilə 2008-2010-cu illərdə 8,5 milyon dollar məbləğdə vəsait ayrılıb", - Abasov əlavə edib.

Nazirin sözlərinə görə, 2010-cu ildə 1,2 milyard ədəd toyuq yumurtası istehsal edilib. 2015-ci ildə istehsal həcminin 1,5 milyard ədədək artırılması planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti