...

"Azərbaycan Dəmir Yolları" qanunsuz tikililərlə bağlı məsələnin həllini gözləyir

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Oktyabr 2011 16:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 oktyabr /Trend, müxbir E.İsmayılov/

"Azərbaycan Dəmir Yolları" QSC dəmiyol xətləri boyunca yerləşən və qatarların hərəkətinə mane olan qanunsuz tikililərlə bağlı məsələnin həllini gözləyir. Trend-in məlumatına görə, bu barədə cümə axşamı QSC-nin rəhbəri Arif Əsgərov jurnalistlərə bildirib.

"Əvvəllər QSC ölkə ərazisində dəmiryol təhlükəsizliyi sahəsində yerləşən qanunsuz tikililərin siyahısını hökumətə təqdim edib", - Əsgərov deyib.

Onun sözlərinə görə, belə tikililərin sayı 800-ü ötüb.

"Təhlükəsizlik zonasında yerləşən yarımçıq tikililərin bir hissəsi QSC tərəfindən sökülüb, yaşayış obyektləri ilə bağlı isə qərarı gözləyirik. Bu qərara əsasən tədbirlər görüləcək", - Əsgərov deyib.

Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini Dövlətxan Dövlətxanovun əvvəllər dediyi kimi, ilin sonuna qədər Azərbaycanda qeyri-qanuni tikililərin qanuniləşdirilməsi barədə qanun qəbul ediləcək.

"İstisna olunmur ki, Bakının mərkəzi hissəsinin ətraflı planı və Böyük Bakının inkişaf planının təsdiqindən sonra magistral xətlər boyu yerləşən bir sıra obyektlərin kompensasiya ödəmək şərti ilə sökülməsi təklif ediləcək", - Dövlətxanov bildirib.

Onun sözlərinə görə, "Qanunsuz tikililərin qanuniləşdirilməsi barədə" qanunun variantı artıq hazırdır.

"Mən deməzdim ki, kimsə icazəsiz tikir. Hamının hansısa sənədi var. Ola bilsin ki, bütün razılaşmalar yoxdur, ancaq hansısa var. Bununla əlaqədar ölkə Prezidentinin fərmanına əsasən, Bakı şəhər İcra Hakimiyyəti hazırda müvafiq orqanların hüquq departamentində baxılan "Qanunsuz tikililərin qanuniləşdirilməsi barədə" qanun layihəsini artıq hazırlayıb. İlin sonuna qədər qanunun parlament tərəfindən qəbul olunması gözlənilir", - Dövlətxanov deyib.

O bildirib ki, qanunsuz tikililər əsas etibarilə şəhər ətrafında yerləşir.

"Şəhər ətrafında, xüsusilə Suraxanı, Binəqədi, Əzizbəyov rayonlarında qanunsuz tikililərdən ibarət yaşayış massivləri çoxdur", - Dövlətxanov qeyd edib.

Onun sözlərinə görə, bələdiyyələr qanunsuz tikililərlə bağlı vəziyyəti öyrənmək üçün artıq işlər aparıb və nəticələr İcra Hakimiyyətinə təqdim edilib.

"Bu nəticələr hələ bizə rəsmi olaraq təqdim olunmayıb, ancaq deyə bilərəm ki, bu, çox böyük rəqəmdir. Onlar qanun layihəsi ilə birgə açıqlanacaq", - Dövlətxanov deyib.

Onun sözlərinə görə, burada əsas məsələ əhalinin təhlükəsizliyidir.

"İri boru kəmərləri, ixrac boru xətləri və yüksəkgərginlikli elektrik xətlərinin müdafiə olunan sanitar ərazilərində yerləşən tikililər qanuniləşdirilə bilməz", - Dövlətxanov qeyd edib.

Bir müddət əvvəl ARDNŞ prezidenti Rövnəq Abdullayev bildirib ki, vətəndaşlar tərəfindən ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) balansında olan neft mədənləri ərazisində inşa olunan qanunsuz tikililər həmin sahələrdəki neft ehtiyatlarının tam şəkildə işlənməsinə mane olur.

"Hazırda ARDNŞ-nin fəaliyyəti çox qısa müddətə inşa olunan yeni tikililərin meydana çıxmasının qarşısını almaqdır. ARDNŞ köhnə tikililəri və vətəndaşların sənədləri olan evlərini sökmür", - Abdullayev deyib.

Onun sözlərinə görə, Dövlət Neft Şirləti məhkəmənin müvafiq qərarı olmadan köhnə tikililəri sökməyəcək.

"ARDNŞ-nin bəzi quru yataqların ərazisində fəaliyyətinin məhdudlaşdırılması ilə yanaşı, vətəndaşların bu ərazilərdə qanunsuz məskunlaşması da PSA müqavilələrinin həyata keçirilməsinə mane olacaq", - Dövlət Neft Şirkətinin rəhbəri deyib.

ARDNŞ prezidenti nümunə kimi "Binagadi oil" əməliyyat şirkəti ilə müqavilə çərçivəsində təqdim olunan sahənin adını çəkib.
Hazırda həmin ərazinin 70 faizə yaxınını qanunsuz tikililər tutur. Məhz buna görə də şirkət müqavilə çərçivəsində, o cümlədən neft hasilatı həcminin artırılmasına dair üzərinə götürdüyü öhdəliyi yerinə yetirə bilmir.

"Bununla yanaşı, hasilatın aparılacağı və ya artıq aparıldığı sahələrdə vətəndaşların evlərinin olması onların özlərinin sağlamlığı üçün əlverişsizdir", - Abdullayev deyib.

Xəbər lenti

Xəbər lenti