Azərbaycan, Bakı, 20 oktyabr /Trend, müxbir N.İsmayılova/
Azərbaycan "Doing Business-2012" reytinqində mövqeyini üç pillə yaxşılaşdırıb. Yəni ötən il tutduğu 69-cu yerdən bu il 66-cı yerə yüksəlib. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Doing Business-in rəsmi saytında dərc olunmuş DB və Beynəlxalq Maliyyə Korporasiyasının hazırladıqları "Doing Business - 2012: Daha şəffaf dünya" birgə hesabatında deyilir. Araşdırmaya 183 ölkə cəlb olunub.
Azərbaycanın "Biznesin başlanması" göstəricisi üzrə reytinqi 183 mövqedən 18-ni təşkil edir. Hesabatda deyildiyi kimi, ölkədə biznesin qeydiyyatı üçün lazım olan günlərin sayı səkkiz, prosedurların sayı - altı, dəyəri - adambaşına gəlirin 2,7 faizini təşkil edir. Ölkənin Dövlət Statistika Komitəsinin məlumatına görə, yanvar-sentyabrda adambaşına düşən nominal gəlir 2409,9 manat təşkil edib.
Azərbaycan əmlakın nisbətən daha sürətli qeydiyyatı prosesinə malik ölkələr onluğuna daxil olaraq doqquzuncu yeri tutub. Məlumata görə, Azərbaycanda əmlakın qeydiyyatı üçün 11 gün ərzində cəmi 4 prosedurdan keçmək lazımdır. Onun ümumi dəyəri əmlakın dəyərinin 0,2 faizini təşkil edir.
Ölkə kreditin alınması göstəricisi üzrə 183 mövqe arasında 48-ci yeri tutur. "Sərmayədarların maraqlarının müdafiəsi" göstəricisi üzrə ölkə 24-cü, vergilərin ödəniolməsi üzrə isə 81-ci mövqedə qərarlaşıb. Azərbaycan "Müqavilələrin icrasının təmin olunması" göstəricisi üzrə 25-ci yeri tutub.