Azərbaycan, Bakı, 25 oktyabr /Trend/
4 noyabr 2010-cu il tarixdə Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən AZ200100821 qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC-nin Bakı Fond Birjasında tədavüldə olan adlı sənədsiz faizli istiqrazlarının yerləşdirilməsi müvəffəqiyyətlə başa çatmışdır.
Yerləşdirmə Bakı Fond Birjasında açıq təklif üsulu ilə həyata keçirilmiş və bir sıra bankların və institusional investorların böyük marağına səbəb olmuşdur. Emissiya olunan istiqrazların nominal dəyəri 50 000 000 (əlli milyon) manat, dövriyyə müddəti 3 il, illik gəlirliliyi 12,5 faiz təşkil edir və hesablanmış faizlər hər rübün son günü istiqraz sahiblərinə ödənilir.
"Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC-nin bu layihəsi maliyyə bazarlarının aktivliyinin artırılmasına və maliyyə alətlərinin diversifikasiyasına xidmət edir.
"Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC beynəlxalq layihələrdə iştirakını və dünyanın aparıcı şirkətləri ilə əməkdaşlığını genişləndirir. Hazırda "Akkord" Korporasiyası təkcə Azərbaycanda deyil, həmçinin Gürcüstan, Qazaxıstan, Əfqanıstan, Türkiyə, Ukrayna və Özbəkistanda infrastruktur və biznes layihələrini həyata keçirir. "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC-nin həyata keçirdiyi 19 infrastruktur layihəsindən 9-u Azərbaycandadır. Azərbaycandakı layihələrin ümumi məbləği 380,5 milyon manat təşkil edir.
Gürcüstan, Ukrayna, Qazaxıstan, Özbəkistan, Əfqanıstanda həyata keçirilən 10 layihənin ümumi məbləği 659,5 milyon manat təşkil edir. Bütün infrastruktur layihələri üzrə müqavilələrin ümumi dəyəri 1,04 milyard manat (ƏDV-siz) təşkil edir.
Korporasiyanın bütün layihələri üzrə işlərə 5000-ə yaxın işçi cəlb edilmişdir. Bundan başqa, "Akkord" Korporasiyası 38 zavod və 3000-dən yuxarı maşın və mexanizmə malikdir.