...

Azərbaycan il ərzində dövlət investisiyalarını 38,9 faiz artırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Oktyabr 2011 12:36 (UTC +04:00)
2011-ci ilin doqquz ayı ərzində icmal büdcəsinin investisiya xərcləri 2010-cu ilin eyni dövrü ilə müqayisədə 1 milyard 116 milyon manat və ya 38,9 faiz artaraq 3 milyard 985 milyon manat təşkil edib.
Azərbaycan il ərzində dövlət investisiyalarını 38,9 faiz artırıb

Azərbaycan, Bakı, 25 oktyabr /Trend, müxbir A.Axundov/

2011-ci ilin doqquz ayı ərzində icmal büdcəsinin investisiya xərcləri 2010-cu ilin eyni dövrü ilə müqayisədə 1 milyard 116 milyon manat və ya 38,9 faiz artaraq 3 milyard 985 milyon manat təşkil edib. Trend-in məlumatına görə, bu barədə Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2011-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında maliyyə naziri Samir Şərifov bildirib.

Onun sözlərinə görə, bu xərclərin 3 milyard 281 milyon manatı və ya 54,2 faizi dövlət büdcəsi xətti ilə, Naxçıvan Muxtar Respublikasının büdcəsi xətti ilə 32,2 milyon manat, Dövlət Neft Fondunun xətti ilə 335,6 milyon manat, xarici kreditlər hesabına isə 336,2 milyon manat xərclər həyata keçirilib.

Bununla yanaşı, həmin vəsaitdən təhsil, səhiyyə, mədəniyyət, idman və digər sosial-mədəni və məişət təyinatlı obyektlərin tikintisinə və yenidən qurulmasına 394 milyon manat vəsait istifadə olunub.

Müharibə əlilləri, şəhid ailələri və bu kateqoriyadan olan digər insanlar üçün yaşayış evlərinin və sosial obyektlərin tikintisinə 37 milyon manat, regionlarda idman komplekslərinin tikintisi və yenidənqurulmasına 31 milyon manat vəsait yönəldilib.

"Ölkənin əsas enerji, su təchizatı, qaz, kommunal, meliorasiya infrastrukturlarının tikintisi və yenidənqurulmasına 761 milyon manat, o cümlədən regionların içməli su və suvarma-drenaj infrastrukturlarının yaradılması və yenidənqurulmasına 119 milyon manat, Bakı şəhərində və regionlarda elektrik paylayıcı şəbəkəsinin yenidənqurulmasına 102 milyon manat, qazlaşdırma tədbirlərinə isə 150 milyon manat vəsait ayrılıb", - Şərifov deyib.

"Azərbaycan Respublikasında kosmik sənayesinin yaradılması və inkişafı üzrə Dövlət Proqramı"nın həyata keçirilməsi üçün dövlət büdcəsindən 20 milyon manat vəsait yönəldilib.

Şərifovun sözlərinə görə, nəqliyyat sektoruna cari ilin doqquz ayında 1 milyard 176 milyon manat vəsait yönəldilib. Bu vəsaitin 768 milyon manatı avtomobil nəqliyyatına və yollarına aid olan infrastruktur layihələrin maliyyələşdirilməsinə, 136 milyon manat Bakı Metropoliteninin inkişafına və genişlənməsinə, 216 milyon manat "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinə, 46,6 milyon manat Azərbaycan Dövlət Xəzər Gəmiçiliyinə gəmi bərələrinin alınmasına sərf edilib.

"2011-ci ilin doqquz ayında Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan həlli vacib hesab edilən bir sıra sosial və infrastruktur layihələrinin həyata keçirilməsinə 147 milyon manat, o cümlədən regionların sosial iqtisadi inkişafının sürətləndirilməsi, yenidənqurulması və abadlaşdırılması işlərinin davam etdirilməsinə 30 milyon manat vəsaitin ayrılmasına dair ölkə Prezidenti tərəfindən müvafiq sərəncamlar imzalanıb", - Şərifov deyib.

Oktyabrın 25-nə rəsmi məzənnə 0,7869 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti