...

DB və Azərbaycan məhkəmə sisteminin modernləşdirilməsi layihəsi üzrə kredit sazişi imzalayıblar

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Noyabr 2011 11:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 noyabr /Trend, müxbir N.İsmayılova/

Azərbaycan hökuməti və Dünya Bankı (DB) dünən ölkənin məhkəmə sisteminin modernləşdirilməsi layihəsinin reallaşdırılmasına 33,2 milyon dollar məbləğində əlavə maliyyələşdirmənin ayrılması üzrə kredit sazişi imzalayıblar. Trend-in məlumatına görə, bu barədə bankın Bakı nümayəndəliyinin ofis meneceri Səidə Bağırlı məlumat verib.

Sazişi Azərbaycan tərəfdən ölkənin ədliyyə naziri Fikrət Məmmədov, DB tərəfdən Səidə Bağırlı imzalayıb.

Bağırlının sözlərinə görə, DB-nin kreditinin ümumi həcmindən 9,2 milyon dollar Beynəlxalq İnkişaf Assoasiyasının (BİA), 24,2 milyon dollar isə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının (BYİB) xətti ilə ayrılıb.

Layihədə ölkə hökumətinin iştirak payı 28,3 milyon dollar, layihə üzrə maliyyələşdirmənin ümumi həcmi 61,7 milyon dollar həcmində qiymətləndirilir. Layihənin məqsədi Azərbaycanda məhkəmə sisteminin potensialının inkişafı, onun effektivliyinin artırılması, eləcə də vətəndaşların informasiya və xidmətlərə çıxışının yaxşılaşdırılmasıdır.

Bu layihə texniki yardım üzrə bir sıra tədbirlərin daxil edilməsi, həmçinin tikinti xərclərinin artması ilə əlaqədar 2006-cı ildə DB tərəfindən təsdiqlənən birinci layihə üzrə əlavə xərclərin ödənilməsinə yönəldiləcək.

Son illər ərzində Azərbaycanın məhkəmə institutlarında bəzi irəliləyişlər əldə olunub. Məsələn, hakimlərin seçilməsində daha şəffaf və rəqabətli sistem fəaliyyətə başlayıb, dövlət və digər məhkəmələrin maddi-texniki bazası yaxşılaşıb. Lakin qarşıda, eləcə də institusional potensialın möhkəmləndirilməsi və xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması sahəsində görülməli olan çox işlər var.

Layihə 4 komponentdən - idarəetmə sahəsində potensialın gücləndirilməsi, məhkəmənin imkanlarının artırılması, məlumatlara giriş imkanlarının yaxşılaşdırılmasından ibarətdir.

1992-ci ildə Azərbaycanın DB-yə qoşulduğu vaxtdan ölkəyə 43 layihənin həyata keçirilməsi üçün 2,9 milyard dollar vəsait verilib.

Xəbər lenti

Xəbər lenti