Azərbaycan, Bakı, 24 noyabr /Trend, müxbir N.İsmayılova/
Noyabrın 28-də Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankı (AMB) yanında Azərbaycan İpoteka Fondunun (AİF) 3 milyon manat məbləğində faizli, adlı, sənədsiz, təmin edilmiş istiqrazlarının yerləşdirilməsi üzrə növbəti hərrac keçiriləcək. Trend-in məlumatına görə, bu barədə Bakı Fond Birjasının cümə axşamı yaydığı məlumatda deyilir.
Məlumata görə, yerləşdirmə kütləvi təklif üsulu ilə keçiriləcək.
İstiqrazlar hərraca cari dəyərlə (100,4583 faiz) çıxarılacaq.
İstiqrazların ödənmə tarixi 28 avqust 2018-ci ildir. Təqdim edilmiş sifarişlər təklifdən çox olduğu halda sifarişlər proporsional qaydada təmin ediləcək.
İstiqrazların ilkin yerləşdirilməsində iştirak edən təşkilat Azərbaycan Mərkəzi Bankıdır.
Qeyd edək ki, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən Azərbaycan İpoteka Fondunun faizli, adlı, sənədsiz istiqrazlarının emissiya prospekti 23 sentyabr 2011-ci il tarixində qeydə alınıb. Emissiyanın ümumi həcmi 20 000 000 manat təşkil edir, bir istiqrazın nominal dəyəri 1 000 manatdır. Hərraca bu günədək 11 000 000 manat həcmində istiqraz yerləşdirilib.
Noyabrın 24-nə olan rəsmi məzənnə 0,7865 AZN/USD təşkil edir.