...

Azərbaycanda ilk biznes inkubatorları ali məktəblərdə meydana çıxacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Dekabr 2011 12:57 (UTC +04:00)

Аzərbaycan, Bakı, 13 dekabr /Trend, müxbir N.İsmayılova/

Azərbaycan biznes inkubatorlarının fəaliyyəti sahəsində beynəlxalq təcrübəni öyrənir. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə ölkənin gənclər və idman nazirinin müavini İntiqam Babayev "Biznes inkubatorların fəaliyyəti və gənclər arasında mobil sahibkarlığa dəstək: dünya ölkələrinin təcrübəsi və Azərbaycanda bu sahələrin inkişafı" beynəlxalq konfransı çərçivəsində deyib.

"Azərbaycanda biznes inkubatorlarının yaradılması üçün potensial mövcuddur və bizim bu sahəni inkişaf etdirmək niyyətimiz var. İlkin mərhələdə biznes inkubatorlarının ali məktəblərin bazasında yaradılması planlaşdırılır", - Babayev deyib.

Nazir müavini biznes inkubatorlarının fəaliyyətə başlamasının konkret tarixini açıqlamağa çətinlik çəkib. Çünki bu, ölkə üçün yeni iqtisadi formasiyadır.

"Biz istəyirik ki, bu görüşdən sonra biznes inkubatorları təkcə Bakıda deyil, həm də ölkənin regionlarında yaradılsın. Həmçinin biz ümid edirik ki, konfrans çərçivəsində gənclərdən konkret biznes modelləri üzrə təkliflər və yeni ideyalar alacağıq", - nazir müavini bildirib.

Xəzər İnvestisiya Mərkəzinin prezidenti Elşən Musayevin konfransda dediyinə görə, ölkədə biznes inkubatorlarının yaradılması ölkə iqtisadiyyatının daha da inkişaf etməsinə və yeni mobil texnologiyaların tətbiqinə yardım edir.

Rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadənin sözlərinə görə, nazirlik Azərfon mobil rabitə operatoru ilə birgə artıq FutureLab kimi layihələrin üzərində işləyir.

Vəlizadə bu sahədə 2011-ci ildə yaradılan İKT Sənaye Assosiasiyasının əhəmiyyətini də qeyd edib.

Layihə çərçivəsində Azərfon FutureLab adlı innovasiya mərkəzi yaradır. FutureLab konsepsiyasına malik layihələr dünyanın beş ölkəsində - Avstraliya, ABŞ, Cənubi Koreya, Finlandiya və İspaniyada fəaliyyət göstərir. Onları SmartLab da adlandırırlar.

Konsepsiyanın əsas ideyası həm sıravi istifadəçilər, həm də kommersiya, ictimai və dövlət strukturları üçün ən yeni mobil texnologiyalar əsasında qabaqcıl həll və xidmətlərin hazırlanmasından ibarətdir.

Öz növbəsində Azərfon, MDB məkanında ilk dəfə olaraq FutureLab mərkəzi yaradır. FutureLab hökumətin Azərbaycanın regional innovasiya mərkəzinə çevrilməsi layihəsi çərçivəsində pilot layihə olacaq.

Xəbər lenti

Xəbər lenti