Azərbaycan, Bakı, 20 dekabr /Trend müxbir N.İsmayılova/
Azərbaycanın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) ölkənin qiymətli kağızlar bazarında fəaliyyət göstərən maliyyə institutları üçün daha adaptiv vergi rejiminin hazırlanmasına başlayıb. Bu barədə çərşənbə axşamı jurnalistlərə QKDK-nın sədri Rüfət Aslanlı deyib.
"Bu iş "2011-2020-ci illərdə qiymətli kağızlar bazarının inkişafı" Dövlət Proqramı çərçivəsində aparılır və artıq xarici texniki köməyin cəlb edilməsi haqqında razılıq əldə edilib", - Aslanlı bildirib.
Onun sözlərinə görə, gələn il ərzində maliyyə institutları, o cümlədən investisiya fondları üçün vergi rejimi üzrə təkliflərin hazırlanması və ölkə hakimiyyəti, xüsusilədə vergi orqanları ilə müzakirələrin başlanması planlaşdırılır.
"Hazırda konsultasiya şirkətlərinin cəlb edilməsi üzrə tender proseduru keçirilir və ötən həftə onun ilk mərhələsi başa çatıb. Bu layihə çərçivəsində vergi rejimi üzrə təkliflərin hazırlanması da nəzərdə tutulur", - Aslanlı qeyd edib.
Hazırda investisiya fondlarına qarşı vergi rejimin tətbiq edilməsi nəzərdə tutulur. Onun sözlərinə görə, təkliflərin hazırlanmasında texniki kömək Dünya Bankı (DB) ilə birgə maliyyələşdirilən kapital bazarının modernləşdirilməsi layihəsi çərçivəsində göstəriləcək.
DB kapital bazarının modernləşdirilməsi layihəsinin həyata keçirilməsi üçün Azərbaycana 12 milyon dollar həcmində kredit ayırıb. Layihənin maliyyələşdirilməsi Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının (BYİB DB-nin qrupuna daxildir) kredit resursları hesabına həyata keçiriləcək.
İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO) qanunvericilik bazasının təkmilləşdirilməsi və bazarda təkliflərin stimullaşdırılması üçün yeni maliyyə insturmentlərinin hazırlanması üzrə Azərbaycanda kapital bazarının inkişafı layihəsi çərçivəsində iki komponenti maliyyələşdirəcək. Mövcud layihə çərçivəsində SECO 1,6 milyon dollar həcmində texniki köməyin ayrılmasını bəyənib.
Layihənin həyata keçirilməsi zamanı əsas diqqət növbəti mərhələ üzrə qanunvericilik bazasının təkmilləşdirilməsinə, vahid platforma çərçivəsində qiymətli kağızlarla ticarətin avtomatlaşdırılması prosesinin başa çatdırılmasına ayrılacaq, eləcə də bazarda tələb və təklifin stimullaşdırılması tədbirləri görüləcək.