...

Son 3 ildə Azərbaycanda istehsalatda müasir texnologiyaların tətbiqinə 400 milyon dollar yatırılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Yanvar 2012 16:15 (UTC +04:00)
Sahibkarlığa Kömək Milli Fondu (SKMF) tərəfindən son 3 ildə müasir texnologiyalara əsaslanan 185 layihəyə 313.3 mln. manat güzəştli kredit vəsaiti verilib.
Son 3 ildə Azərbaycanda istehsalatda müasir texnologiyaların tətbiqinə 400 milyon dollar yatırılıb

Azərbaycan, Bakı, 12 yanvar /Trend, müxbir N.İsmayılova/

Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondu (SKMF) tərəfindən son 3 ildə müasir texnologiyalara əsaslanan 185 layihəyə 313.3 mln. manat güzəştli kredit vəsaiti verilib. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Fondun icraçı direktoru Şirzad Abdullayevin hakim Yeni Azərbaycan Partiyasının rəsmi saytında yerləşdirilən müsahibəsində deyilir.

"Ölkədə qeyri-neft sektoru sahələrinin inkişafının sürətləndirilməsi və yeni texnologiyaların tətbiqinə əsaslanan layihələrin güzəştli şərtlərlə maliyyələşdirilməsinə xüsusilə diqqət göstərilir. Bu da əsasən, qabaqcıl texnologiyaların tətbiqi ilə rəqabət qabiliyyətli, idxalı əvəz edən və ixrac yönümlü məhsulların istehsalı və emalını, kənd təsərrüfatında infrastruktur obyektlərinin yaradılmasını nəzərdə tutur", - o deyib.

Bu müəssisələrdən 88-i (48 faizi) istifadəyə verilib, digər 97-si üzrə tikinti-quraşdırma işləri aparılır. Bunlardan 34 müasir soyuducu və 19 taxıl anbarı kompleksi, 11 çörək zavodu, 6 südlük istiqamətli müasir heyvandarlıq kompleksi, 4 ət emalı fabriki, 28 quşçuluq təsərrüfatı, 18 istixana kompleksi, 7 süd emalı və s. müəssisələrdir.

"2011-ci ildə yeni texnologiyaların tətbiq edilməsi ilə 85 investisiya layihəsinin maliyyələşdirilməsinə 116,5 milyon manat ayrılıb", - Abdullayev bildirib.

Onun sözlərinə görə, SKMF 2011-ci ildə Bakı və onun qəsəbələrində müasir texnologiyaların tətbiqinə əsaslanan 27 layihənin maliyyələşdirilməsinə 32.4 milyon manat ayırıb.

Ümumilikdə SKMF ötən il 1643 investisiya layihəsinin maliyyələşdirilməsinə 138 milyon manat ayırıb. Bu investisiya layihələrinin həyata keçirilməsi 6500-ə qədər yeni iş yerinin yaradılmasına imkan verəcək.

Fond fəaliyyəti dövründə ümumilikdə 12,5 min sahibkara təxminən 720 milyon manat (915,56 milyon dollar) verib ki, bu da 95 min yeni iş yerinin açılmasına imkan yaradıb.

SKMF 1992-ci ildə yaradılıb.

Yanvarın 12-nə olan rəsmi məzənnə 0,7864 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti