Azərbaycan, Bakı, 19 mart / Trend/
"Azerbaijan Coca-Cola Bottler LTD MMC" şirkəti rəsmi olaraq məhsullarının qiymətlərinin dəyişilməsini bəyan edir.
"Son 4 ildə baş verən maya dəyərinin kəskin artımı ilə əlaqədar Coca-Cola, Fanta və Sprite PET 1L və PET 2L məhsullarımızda qiymətləri dəyişdirmək məcburiyyətində qaldıq. 16 Aprel 2012-ci il tarixindən PET 1L qablaşdırmalı məhsullarımızda tövsiyyə olunan satış qiyməti 50 qəpikdən 60 qəpiyə, PET 2L qablaşdırmalı məhsullarmızda isə 80 qəpikdən 90 qəpiyə dəyişdiriləcəkdir", - Trend-in məlumatına görə, bu barədə şirkətin bazar ertəsi yaydığı bəyanatında deyilir.
Azərbaycanda "Azerbaijan Coca-Cola Bottlers Limited" şirkəti 1994-cü ildə qurulub. Şirkət The Coca-Cola Company markalarından ibarət olan qazlı ve qazsız içkilərin istehsal, satış və yayımını gerçəkləşdirir.
ACCB Azərbaycanda 300 milyon litrə istehsal gücü ilə 9 milyon əhaliyə xidmət etməkdədir. "Coca-Cola İçecek" istehlakçılara 8 fərqli brendi (Coca-Cola, Coca-Cola Light, Fanta, Sprite, Nestea, Burn, Cappy, BonAqua) təqdim edir.
Bu günə qədər Azərbaycana qoyulan yatırım 100 milyon dollara çatıb. Coca-Cola şirkətinin sərmayələri Azərbaycanın qeyri-neft sektoruna qoyulmuş ilk və ən böyük xarici yatırımlardan biridir.