...

Rusiya Azərbaycan ilə iqtisadi əməkdaşlığın istənilən formasında maraqlıdır – ticarət nümayəndəsi

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Mart 2012 17:18 (UTC +04:00)
Qarşılıqlı investisiyaların hazırkı səviyyəsi Azərbaycan ilə Rusiyanın mövcud potensialına və maliyyə-iqtisadi imkanlarına cavab vermir.
Rusiya Azərbaycan ilə iqtisadi əməkdaşlığın istənilən formasında maraqlıdır – ticarət nümayəndəsi

Azərbaycan, Bakı, 28 mart /Trend, müxbir Ə.Həsənov/

Qarşılıqlı investisiyaların hazırkı səviyyəsi Azərbaycan ilə Rusiyanın mövcud potensialına və maliyyə-iqtisadi imkanlarına cavab vermir. Trend-in məlumatına görə, RF-nin Azərbaycandakı ticarət nümayəndəsi Yuri Şedrin belə hesab edir.

"Lakin bu istiqamətdə işlər davam etdirilir və bu işləri böyük əməkdaşlıq üçün layihələrin "müjdəçisi" adlandırmaq olar", - Şedrin çərşənbə günü rəsmi mətbuatda dərc olunmuş müsahibəsində deyib.

Onun sözlərinə görə, bu gün Azərbaycan investisiyalar cəlb edən ölkədən digər ölkələrə sərmayə yatıran dövlətə çevrilib.

"Gürcüstanda, Türkiyədə və Avropada həyata keçirilən iri investisiyalar tərəfdaş kimi Azərbaycanın beynəlxalq imicinə təsir edir", - ticarət nümayəndəsi deyib.

Hazırda Rusiya, Azərbaycan və İran ərazisindən keçərək Hind okeanı ilə Avropanı birləşdirəcək yeni dəmiryolun çəkilişi üzrə razılaşma aktuallığını itirməyib.

Şedrin bildirib ki, həmçinin, azərbaycanlı sahibkarlar iki ildən sonra Soçidə keçiriləcək Qış Olimpiya Oyunlarına hazırlıq çərçivəsində reallaşdırılan iri layihələrdə fəal iştirak edirlər.

"Azərbaycanlı sərmayədarlar dənli bitkilərin və tərəvəz məhsullarının yetişdirilməsində və emalında, turizm, ağac emalı sahələrində təkliflərin alınmasında maraqlıdırlar", - ticarət nümayəndəsi deyib.

Belə ki, ötən il Krasnodar diyarının Beloreçensk rayonunda "Azərsun Holdinq"in vəsaiti ilə çay fabriki tikilərək istifadəyə verilib, meyvə-tərvəz konservi zavodunun tikintisi başa çatmaq üzrədir. Yaxın vaxtlarda "Mətanət-A" şirkəti Krasnodar diyarının Otradnı rayonunda quru tikinti aşqarlarının istehsalı üzrə zavodun tikintisinə başlanacaq.

"Hazırda konkret işlər görülür və yüksək texnologiyalar və elmi sahələrdə imkanlar qiymətləndirilir", - Şedrin deyib.

Ötən ilin aprelində "Qabaqcıl Rabitə Texnologiyaları" MMC-nin və "Bakı Telefon Şəbəkəsi" İstehsalat Birliyinin rəhbərliyi görüş keçirib və hazırda 100 faizlik Rusiya kapitalı ilə törəmə müəssisənin qeydiyyatı üzrə işlər görülür. Rusiyanın "Tretiy Rim" investisiya təşkilatı və "Avesta" konserni də əməkdaşlıqla bağlı müəyyən planlara malikdir.

"Biz əməkdaşlığın istənilən formasında maraqlıyıq və birbaşa təmasları rasional və əlverişli hesab edirik", - Şedrin deyib.

2011-ci ildə Bakıda "Xəzər-Lada" ASC diler mərkəzi açılıb. Habelə il ərzində "Qraz", "Sibirskaya orqanika", "Moskovskiye portnyorı", "Çermetinvest" və "Donskoy tabak" şirkətlərinin nümayəndələrinin azərbaycanlı tərəfdaşları ilə işgüzar görüşləri təşkil olunub.

Hazırda RF-nin 71 subyekti Azərbaycanın yüzlərlə təsərrüfat subyektləri ilə xarici iqtisadi əlaqələrə malikdir.

Xəbər lenti

Xəbər lenti