...

"FINCA Azerbaijan" girovsuz kənd təsərrüfatı kreditlərinin verilməsini genişləndirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Aprel 2012 12:55 (UTC +04:00)
2012-ci ilin aprel ayının əvvəllərində "FINCA Azerbaijan" Qeyri-Bank Kredit Təşkilatının Abşeron regionunda yerləşən Sumqayıt filialında ilk Kənd Kredit Qrupu yaradılıb.
"FINCA Azerbaijan" girovsuz kənd təsərrüfatı kreditlərinin verilməsini genişləndirib

Azərbaycan, Bakı, 11 aprel / Trend/

2012-ci ilin aprel ayının əvvəllərində "FINCA Azerbaijan" Qeyri-Bank Kredit Təşkilatının Abşeron regionunda yerləşən Sumqayıt filialında ilk Kənd Kredit Qrupu yaradılıb. Trend-in məlumatına görə, bu barədə təşkilatın çərşənbə günü yaydığı məlumatda deyilir.

Quşçuluq və əkinçiliklə məşğul olan "İLK" adlı 4 nəfərdən ibarət qrupun hər bir üzvünə 1500 manat məbləğində kredit verilib.

Abşeron bölgəsində kənd təsərrüfatı ilə məşğul olan şəxslərin müraciətlərini və tələbatlarını nəzərə alaraq həmin sahibkarlar üçün Kənd Kredit Qrupu məhsulundan faydalanmaq imkanı bu yaxınlarda yaradılıb. Kənd Kredit Qrupu məhsulu bitkiçilik, heyvandarlıq, satış üçün məhsul əkini, südçülük, digər emal sahələri və kənd məhsullarının ticarəti ilə məşğul olan şəxslər üçün faydalı ola bilər. Sadalanan sahələrdə fəaliyyət göstərən şəxslər, dörd nəfərdən ibarət olan qrup yaratmaqla birgə zaminlik əsasında, girov təqdim etmədən kredit məhsulundan istifadə edə bilərlər. Hal-hazırda Bakıətrafı ərazilərdə işləyən sahibkarlara Sumqayıt, Mərdəkan, Xırdalan filialları bu kredit məhsulunu təklif edir.

"FINCA Azerbaijan" 5 qitənin 21 ölkəsində fəaliyyət göstərən və ortaq təcrübənin qlobal şəbəkəsini yaradan "FINCA International Inc."a məxsus olan və onun tərəfindən idarə edilən FINCA Mikro-maliyyə Holdinqin (FMH) törəmə şirkətidir. FMH FINCA-nın missiyasını - öz işlərini yaratmaq, aktivlərini qurmaq və həyat standartlarını yüksəldə bilmək üçün aşağı gəlirli sahibkarları maliyyə xidmətləri ilə təmin etmək - bölüşən sosial məsuliyyətli investisiya tərəfdaşlarının fondları hesabına maliyyələşərək fəaliyyət göstərir.

Ölkədə lider MMİ-larından biri kimi "FINCA Azerbaijan" müştəriləri Kənd Qrup Krediti, Həmrəy Qrup Krediti, Fərdi Ekspres Krediti, Kiçik və Orta Sahibkarlıq Krediti və Fərdi Kənd Kreditləri məhsulları daxil olmaqla bir sıra maliyyə məhsulları və xidmətləri ilə təmin edən və onlara həyat vasitələrini yüksəltmə imkanı yaradan 29 filial və 35 sub-filialı vasitəsilə 120,000 nəfərdən çox aktiv müştəriyə xidmət göstərir. "FINCA Azerbaijan" fəaliyyətin və davamlılığın ən yüksək kommersiya prinsiplərinə sadiqdir.

Xəbər lenti

Xəbər lenti