Azərbaycan, Bakı, 21 may /Trend, müxbir A.Axundov/
2012-ci ilin yanvar-aprel aylarında Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) cinayət xarakterli 87 fakt qeydə alıb. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi DGK-nın məlumatında deyilir.
Məlumata əsasən, 62 fakt qaçaqmalçılıqla, onlardan 28-i isə narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı olub. Hesabat dövründə 4,31 kiloqram narkotik vasitə, 6,16 kiloqram psixotrop maddələr müsadirə edilib. Həmçinin, gömrük ödənişlərindən yayınma ilə bağlı 3 fakt qeydə alınıb.
Bu faktlar üzrə yanvar-aprel aylarında şübhəli şəxs qismində 101 nəfər saxlanılıb.
Hesabat dövründə, həmçinin 5367 inzibati qanun pozuntusu faktı aşkar edilib, onlardan 42-si qanunsiz keçirilməyə cəhd, 132-si əşya, mal və ya pul vəsaitlərinin gizli keçirilməsi ilə bağlıdır.