...

"Azərsu" "Eurovision" ərəfəsində bütün təhlükəsizlik tədbirlərini görüb (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 May 2012 20:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 may /Trend, müxbir Ə.Həsənov/

"Azərsu" ASC "Eurovision 2012" ilə əlaqədar müsabiqə dövründə su təchizatı və kanalizasiya sistemlərinin fasiləsiz işləməsi məqsədilə qurğuların təhlükəsizlik və istismarının təmin edilməsinə yönəldilmiş tədbirlər planını reallaşdırmağa başlayan komissiya və qərargah yaradıb. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi "Azərsu" ASC-nin yaydığı məlumatda deyilir.

"İlk növbədə, əcnəbi qonaqların yerləşəcəyi mehmanxanaların, ictimai iaşə obyektlərinin, əyləncə və ticarət mərkəzlərinin ünvanları müəyyən edilib, həmin obyektləri su ilə təchiz edən anbarların, boru xətlərinin, məhəllədaxili nasos stansiyalarının və digər qurğuların siyahısı dəqiqləşdirilərək onların təhlükəsizliyi və istismarına diqqət artırılıb. Müsabiqə zamanı qonaqları qəbul edəcək hotellərin su anbarlarının vəziyyəti bir daha yoxlanılıb, onların giriş borularının diametri, gündəlik su sərfi və alternativ giriş xətlərinin imkanları araşdırılıb", - məlumatda deyilir.

Müsabiqə ərəfəsində, eləcə də yarış günlərində su və kanalizasiya sisteminin davamlı iş rejimini təmin etmək üçün növbətçilik qrafiki hazırlanıb və müəyyən olunmuş yerlərə növbətçi məsul şəxslər təyin edilib. İstehlakçılara verilən içməli suyun keyfiyyətinin yaxşılaşdırılması məqsədilə magistral kəmərlərdə təmir-bərpa, anbarlarda profilaktika işləri aparılıb.

Belə ki, İ.Nəbiyev, 2A ünvanında yerləşən su anbarı, "+ 69 Qərb" su anbarı bütünlüklə, "+160 Qərb" su anbarının əsas seksiyaları yuyularaq dezinfeksiya edilib. Bütün bunlarla yanaşı, "Azərsu" ASC-nin balansında olan məhəllədaxili su anbarlarının da yuyulması təmin edilib. Tərtib olunmuş qrafikə uyğun olaraq yuyulub-zərərsizləşdirilmiş anbarlar suyun keyfiyyətinə dövlət nəzarətini həyata keçirən Sanitar və Epidemilogiya Mərkəzinin təqdim etdiyi arayışlar əsasında istismara buraxılıb. Bu istiqamətdə görülmüş işlərin davamı olaraq anbarlar lazımi reagent və reaktivlərlə təmin edilib.

Müsabiqə ərəfəsində əhalinin içməli su təchizatının yaxşılaşdırılması, paytaxtın yol infrastrukturunun yenidən qurulması nəzərə alınaraq yeni xətlər çəkilib, həmçinin təmir-bərpa işləri aparılıb. Suyun səmərəli paylanması məqsədilə Səbail rayonunda "Ramada" hoteli və "Dostluq" istirahət mərkəzinin yaxınlığından keçən magistral xəttin üzərində yeni siyirtmə quraşdırılıb, A.Abbaszadə və M.Müşfiq küçələri boyunca 2100 metr uzunluğunda xəttin inşası başa çatdırılıb. "+110 Qərb" və "+ 69 Qərb" su anbarları arasında inşa edilmiş 1200 mm diametrli əlaqələndirici xətt istismara verilib.

Təmir-bərpa işlərinin operativliyinin təmin edilməsi və onlar arasında etibarlı kommunikasiya əlqələrinin təşkil edilməsi məqsədilə operativ qəza-bərpa qrupları yaradılıb. Qəza-bərpa qrupları lazımi material və avadanlıqlarla təmin edilib. "Bakı Sukanal" İdarəsinin təqdim etdiyi arayışa əsasən, 8 qəza-bərpa qrupunun hər biri üçün dislokasiya yeri müəyyən edilib, onlar lazımi texnika və avadanlıqla təchiz edilib. Qəza-bərpa qrupları ilə qərargah arasında etibarlı kommunikasiya əlaqələrinin təşkil edilməsi və zəruri informasiyaların operativ ötürülməsi məqsədilə müsabiqə ərəfəsində müvafiq səlahiyyətli şəxslər rabitə vasitələri ilə təmin edilib.

Mahnı müsabiqəsinin keçirildiyi günlərdə su anabarlarının mühafizəsini tam təmin etmək məqsədilə mühafizə olunan bina və qurğularda mühafizə xidməti əməkdaşları xüsusi təlimatlandırılıb və gücləndirilmiş iş rejiminin tətbiq olunması diqqətə çatdırılıb.

"Azərsu" ASC istehlakçılardan xahiş edir ki, müsabiqənin keçirildiyi günlərdə su təchizatı və kanalizasiya xidmətləri ilə əlaqədar yarana biləcək hər hansı problemlə bağlı dərhal 955 saylı "Qaynar xətt" xidmətinə məlumat versinlər.

Xəbər lenti

Xəbər lenti