...

Azərbaycan müdafiə və şəhər abadlaşdırılmasına xərcləri artırır - nazir

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 May 2012 20:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 may /Trend, müxbir A.Axundov/

Zəlzələ nəticəsində əhaliyə və Azərbaycanın şimal-qərbindəki Zaqatala, Qax və Balakən rayonlarının sosial-iqtisadi infrastrukturuna dəymiş ziyanı ödəmək üçün əlavə maliyyələşdirmənin təmin edilməsinə 350 milyon manat həcmində vəsait ayrılacaq.

Trend-in məlumatına görə, bu barədə şənbə günü Milli Məclisin İqtisadi siyasət komitəsinin iclasında 2012-ci il dövlət büdcəsinə dəyişiliklər haqqında qanun layihəsinin müzakirəsi zamanı Azərbaycanın maliyyə naziri Samir Şərifov bidirib.

"Bu məqsədlərlə ölkə Prezidentinin göstərişi ilə ilkin olaraq 2012-ci il dövlət büdcəsinin ehtiyat fondundan artıq 20 milyon manat dəyərində vəsait ayrılıb. İlkin hesablamalara görə, 2012-ci ildə buna 350 milyon manat tələb olunacaq. Bu vəsaitlər Fövqəladə Hallar Nazirliyinin xəzinədarlıq hesabına köçürüləcək", - Şərifov qeyd edib.

Bundan başqa, əlavə vəsaitlər Sabirabad və Salyan rayonları ərazisində Kür və Araz çaylarının daşmasının fəsadlarını aradan qaldırmaq üzrə işlərin başa çatdırılmasına ayrılacaq.

"Bu istiqamətdə artıq böyük həcmdə işlər görülüb. 2012-ci ildə bu işlərin tamamlanmasına əlavə 50 milyon manat ayrılacaq", - Şərifov deyib.

Onun sözlərinə görə, həmçinin əlavə vəsaitlər ölkənin bəzi rayonlarında (Saatlı, İmişli, Neftçala, Hacıqabul, Şirvan, Zərdab, Kürdəmir, Salyan, Sabirabad, Şamaxı) güclü yağışlar, sellər və leysanların fəsadlarının aradan qaldırılmasına, Bakının bəzi ərazilərində sürüşmə zonalarında müvafiq tədbirlər görmək üçün mümkün təbii fəlakətlər və fövqəladə halların aradan qaldırılması və xəbərdarlıq tədbirlərinin qəbul edilməsi məqsədilə xüsusi təyinatlı maşın və avadanlıqların satın alınmasına və ümumilikdə Bakı ətrafında ekoloji və sanitar vəziyyətin yaxşılaşdırılması üzrə tədbirlərə ayrılacaq.

"Dövlət büdcəsinə dəyişikliklər Bakı şəhəri və digər regionların sosial və kommunal infrastrukturunun yenidən qurulması üzrə işlərin maliyyələşdirilməsinə 95 milyon manat, ölkənin hərbi potensialının gücləndirilməsinə isə 45 milyon manat ayırmağı nəzərdə tutur" , - Şərifov deyib.

Onun sözlərinə görə, bütün bu işlərin maliyyələşdirilməsinə ümumilikdə 690 milyon manata yaxın vəsait lazım olacaq ki, bu da 2012-ci ilin büdcə proqnozlarına baxılması zərurətini yaradıb.
Düzəlişlərə əsasən, dövlət büdcəsinin gəlir və xərcləri 600 milyon artaraq, müvafiq olaraq, 17,038 milyard manat (əvvəl təsdiq edilmiş proqnozlarla müqayisədə 3,7 faiz, ötən ilin büdcəsinin faktiki icrasının göstəricilərinə nisbətən 8,5 faiz artacaq) və 17,672 milyard manat (3,5 faiz, 14,8 faiz) təşkil edəcək.

Bununla da ölkə ÜDM-ində dövlət büdcəsinin gəlirlərinin xüsusi çəkisi 2011-ci ilin yekunları üzrə faktiki göstəricilərlə müqayisədə 5,1 faiz artaraq 36,5 faiz, xərcləri isə 7,1 faiz artaraq 37,9 faiz təşkil edəcək.

"Buna uyğun olaraq, dövlət büdcəsinin kəsiri dəyişməyəcək", - Şərifov qeyd edib.

Onun sözlərinə görə, dövlət büdcəsinin gəlirlərinin 600 milyon manat artırılmasının iqtisadiyyatın neft və qeyri-neft sektorları üzrə əlavə vergi daxilolmaları hesabına təmin edilməsi planlaşdırılır.

"Zəruri vəsaitlərin 90 milyon həcmində qalan hissəsi 2012-ci il büdcəsinin bəzi xərclərinin azaldılması hesabına təmin ediləcək. Söhbət dövlət borcunun xidmət göstərilməsinə xərclərin 50 milyon manat azaldılması və büdcə təşkilatlarının qeyri-büdcə xərclərinin 40 milyon manat azaldılmasından gedir", - Şərifov deyib.

İclasın yekunları üzrə parlament komitəsi qanun layihəsinə parlamentin mayın 29-da keçiriləcək plenar iclasında baxılmasını tövsiyə edib.

Xəbər lenti

Xəbər lenti