"Excelsior Hotel Baku otelində "Aura" Sağlamlıq mərkəzinin əsaslı təmirdən sonra açılış mərasimi keçirildi. Tədbirdə çıxış edən "Excelsior Hotel Baku" otelinin baş meneceri Nataşa Solovyova qonaqlara "Aura" Sağlamlıq Mərkəzində təmirdən sonra olan dəyişıkliklər haqqında məlumat verdi. O, bildirdi ki, Excelsior Hotel Baku otelinin istifadəyə verilməsindən xeyli müddət keçmişdir, mehmanxananın sağlamlıq mərkəzi tez-tez istifadə olunduğundan onun təmirinə ehtiyac yaranmışdı. Qonaqlara daha yüksək səviyyədə xidmət göstərmək üçün "Aura" Sağlamlıq Mərkəzi əsaslı təmir olunmuş, idman zalı yeni, ən müasir trenajorlarlarla təchiz olunmuşdur.
Nataşa Solovyova qeyd etdi ki, Aura Sağlamlıq Mərkəzinin ümumi sahəsi 3500 kv2 təşkil edir və eyni zamanda zalda 200 nəfər məşq edə bilər. Zalda sinə, kürək, qol, ayaq və s. üçün nəzərdə tutulmuş 50-yə yaxın ən müasir trenajorlar qurulub və onların köməyi ilə bədəndə olan artıq çəkini azaltmaq və ürək əzələlərini möhkəmləndirmək mümkündür. Bu trenajorların bəzilərində məşq edərkən darıxmamaq üçün 30-dan artıq yerli və xarici televiziya kanallarını izləmək mümkündür. Yüksək texnologiyalı gimnastika zalı, stolüstü tennis və skvoş kortları, spa otaqları, sauna buxar otaqları, istirahət otaqları qonaqların hər cür istəyini qarşılayacaq. Aerobika dərsləri rəqs, addım və topla keçirilir.
"Aura" Sağlamlıq Mərkəzində peşəkar trenerlər aerobika, kalanetika, pilatus, yoqa, üzcüçülük, boks, pin-ponk (stolüstü tennis) və böyük tennis dərsləri keçir. Təmirdən sonra qadınların idman dərsləri ilə məşğul olmaları üçün ayrıca qadın zalı yaradılmışdır. İdmana gələn qonaqlar dəsmal, tapoçka, çimmə xalatı, şampun, kosmetik vəsaitlərlə təmin olunurlar. Spa otaqlarında qonaqlara müxtəlif masaj növləri təklif olunur.
Qeyd edək ki, "AtaHoldinq" ASC-nin tərkib hissəsində fəaliyyət göstərən 5 ulduzlu "Excelsior Hotel Baku" oteli 2005-ci ildə istifadəyə verilmişdir. Otel 1 İmperial, 2 Royal lüks, 4 Crown lwks, 45 "Heritage" standart, 9 "Duke" kiçik otaqlardan, iclas otaqları və biznes mərkəzlərindən, restoranlar və barlardan, sağlamlıq mərkəzi və s. ibarətdir.