...

London Fond Birjası sabit və ucuz kapitalın cəlb edilməsində Azərbaycan şirkətlərinə kömək edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Dekabr 2012 13:57 (UTC +04:00)
London Fond Birjası (London Stock Exchange, LSE) sabit və ucuz kapitalın cəlb edilməsində Azərbaycan şirkətlərinə kömək etmək məqsədilə Bakı Fond Birjası (BFB) ilə əməkdaşlığın inkişafına istiqamətlənib.
London Fond Birjası sabit və ucuz kapitalın cəlb edilməsində Azərbaycan şirkətlərinə kömək edəcək

Azərbaycan, Bakı, 11 dekabr /Trend, müxbir A.Axundov/

London Fond Birjası (London Stock Exchange, LSE) sabit və ucuz kapitalın cəlb edilməsində Azərbaycan şirkətlərinə kömək etmək məqsədilə Bakı Fond Birjası (BFB) ilə əməkdaşlığın inkişafına istiqamətlənib. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı LSE-nin inkişaf üzrə meneceri Maksim Kondratyuks KPMG şirkətinin təşkil etdiyi "Bakı və Londonda kapitalın cəlb edilməsi: yeni imkanlar" seminarında çıxışı zamanı deyib.

"Azərbaycanda maraqlı şirkətlərin işlədiyi çox maraqlı bazar var. London Fond Birjası MDB-dən olan şirkətlərlə uğurla əməkdaşlıq edir, birjada bu regiondan - Rusiya, Ukrayna və Qazaxıstandan 150-dən artıq şirkət qeydə alınıb. Onlardan çoxu dual-listinq yolu ilə yerli birjalardan keçirlər. Hazırda LSE-də alqı-satqıların təqribən 16 faizi MDB şirkətlərinin payına düşür. 2013-cü ildə bu göstərici 20 faizə çatacaq", - Kondratyuks bildirib.

Onun sözlərinə görə, London Fond Birjası investorların yerli şirkətlərə birbaşa kapital qoyması, həmçinin yeni məhsulların yaradılması üçün Azərbaycanda müvafiq strukturun inkişafına yardım etmək istərdi.

"London investorları MDB ölkələrinə böyük maraq göstərirlər. Yüksək likvidli investisiya mərkəzi olan London Fond Birjası bu imkanların həyata keçirilməsi üçün yaxşı meydança olacaq. LSE ən böyük kapital bazarında əməliyyat aparır, şirkətlərin ümumi bazar kapitallaşması 3 trilyon dolları ötür. Gün ərzində birjada 9 milyard dollar həcmində 900 mindən çox tranzaksiya aparılır" , - Kondratyuks qeyd edib.

Onun sözlərinə görə, belə şirkətlərə ən çox kapital qoyan beynəlxalq şirkətlər və investorlar London Fond Birjasında işləyir.

"Azərbaycan bu investisiyaların bir hissəsini götürə bilər. Bizim çoxlu sayda banklar, analitiklər, məsləhətçilərimiz var. Onlar Azərbaycan şirkətlərinin IPO-sunu təmin edə bilərlər", - o deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti