...

Azərbaycan və Braziliya arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Dekabr 2012 18:23 (UTC +04:00)
Bu gün kənd təsərrüfatı naziri İsmət Abasov Braziliya Federativ Respublikasının Azərbaycandakı səfiri cənab Serjio Arruda ilə görüşüb.
Azərbaycan və Braziliya arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub

Azərbaycan, Bakı, 17 dekabr /Trend/

Bu gün kənd təsərrüfatı naziri İsmət Abasov Braziliya Federativ Respublikasının Azərbaycandakı səfiri cənab Serjio Arruda ilə görüşüb.

Kənd Təsərrüfatı Nazirliyindən Trend-ə verilən məlumata görə, görüşün məqsədi iki ölkə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq imkanlarının müzakirəsi olub. Abasov bildirib ki, coğrafi baxımdan bir-birindən uzaq məsafədə yerləşməsinə baxmayaraq, Azərbaycan və Braziliya arasında artıq dostluq və əməkdaşlıq münasibətləri təşəkkül tapıb, iki ölkə arasında bir çox sahələrdə anlaşma və səmərəli əməkdaşlıq üçün zəmin yaranıb. Hər iki ölkənin iqtisadi tərəqqisində neft-qaz sənayesinin böyük rola malik olmasına baxmayaraq, qeyri-neft sektorunda, xüsusilə də kənd təsərrüfatı sahəsində hər iki ölkə böyük ənənəyə malikdir.

Görüşdə iki ölkə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq əlaqələrinin hüquqi bazasının yaradılması məqsədilə "Azərbaycan Respublikası Hökuməti və Braziliya Federativ Respublikası Hökuməti arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu"nun imzalanmasının sürətləndirilməsi məsələsi müzakirə olunub.

Nazir Azərbaycanda məcburi köçkünlərin və yerli fermerlərin həyat səviyyəsinin yaxşılaşdırılması sahəsində FAO təcrübəsinin ölkənin digər rayonlarında da Braziliyanın iştirakı ilə tətbiqini məqsədəuyğun hesab edib. Abasov Azərbaycan ilə Braziliya arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə iqlim dəyişikliyi kontekstində soyuğa və istiyə davamlı bitki sortları və heyvan cinslərinə dair, eləcə də ümumiyyətlə kənd təsərrüfatının iqlim dəyişiklikliyinin təsirlərinə adaptasiyası və davamlılığının artırılması istiqamətində təcrübə mübadiləsi; müxtəlif kənd təsərrüfatı bitkilərinin (subtropik, meyvə, taxıl, qarğıdalı, tərəvəz bitkiləri və s.) genetik materiallarının mübadiləsi və yeni yaradılmış sortların qarşılıqlı ekoloji sınaqlarının keçirilməsi; Braziliyanın torpağın "sıfır şumlanması", bitkiçilik məhsullarından istifadə etməklə alternativ enerji (bioenerji) istehsalı və müasir suvarma texnologiyalarının tətbiq edilməsi sahəsindəki geniş səriştəsini nəzərə alaraq, bu sahələrdə birgə layihələrin işlənib hazırlanması və b. təkliflərini nəzərə çatdırıb.

Görüşdə iki ölkə arasında heyvanlar arasında yoluxucu xəstəliklərə qarşı mübarizənin Ümumdünya Sağlamlıq Təşkilatının (OİE) tələblərinə uyğun təşkil olunması məqsədəuyğun hesab edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti