...

Şahin Mustafayev: 2012-ci ildə Azərbaycan iqtisadiyyatına yönəldilmiş investisiyaların həcmi 22.1 milyard ABŞ dolları olub

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Yanvar 2013 23:53 (UTC +04:00)
Əvvəlki illərdə olduğu kimi, 2012-ci ildə də qlobal iqtisadi böhran şəraitində Azərbaycan iqtisadiyyatı ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strategiya və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurlu iqtisadi siyasəti nəticəsində mənfi xarici iqtisadi təsirlərə dayanıqlılıq nümayiş etdirmiş, iqtisadi artımın davamlılığı təmin edilmişdir.
Şahin Mustafayev: 2012-ci ildə Azərbaycan iqtisadiyyatına yönəldilmiş investisiyaların həcmi 22.1 milyard ABŞ dolları olub

Azərbaycan, Bakı, 15 yanvar /Trend, müxbir H.Vəliyev/

Əvvəlki illərdə olduğu kimi, 2012-ci ildə də qlobal iqtisadi böhran şəraitində Azərbaycan iqtisadiyyatı ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strategiya və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurlu iqtisadi siyasəti nəticəsində mənfi xarici iqtisadi təsirlərə dayanıqlılıq nümayiş etdirmiş, iqtisadi artımın davamlılığı təmin edilmişdir. Trend-in məlumatına görə, bunu iqtisadi inkişaf naziri Şahin Mustafayev Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2012-ci ilin sosial-iqtisadi inkişafının yekunları və 2013-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışı zamanı deyib.

"Makroiqtisadi sabitlik qorunub saxlanılmış, iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun və regionların inkişafı sürətlənmiş, valyuta ehtiyatlarının səmərəli idarə edilməsi və milli valyutanın sabitliyi təmin olunmuş, sahibkarlığa dövlət dəstəyi gücləndirilmiş, özəl bölmənin inkişafı üçün azad rəqabət və münbit investisiya mühiti yaradılmış, əhalinin sosial rifahı daha da yaxşılaşmışdır" Mustafayev deyib.

Nazir bildirib ki, 2011-ci ildən başlayaraq ötən ildə də ümumi daxili məhsulun artımı strateji məqsədlərə uyğun olaraq, tamamilə qeyri-neft sektorunun hesabına formalaşmış və 2,2 faiz olmuşdur. Qeyri-neft sektoru üzrə artım 9,7 faiz təşkil etməklə, ümumi daxili məhsulda payı artaraq 52,7 faizə çatmışdır. İnformasiya və rabitə xidmətləri 15,9 faiz, nəqliyyatda yük daşımalar 3,5 faiz, o cümlədən qeyri-neft yükdaşımaları 7,5 faiz, pərakəndə ticarət dövriyyəsi 9,6 faiz artmışdır. İnflyasiya 1,1 faiz təşkil etmişdir. On bir ay ərzində 152 ölkə ilə xarici ticarət dövriyyəsi 39,5 milyard ABŞ dolları, xarici ticarət saldosu isə müsbət 22,6 milyard dollar təşkil etmiş, qeyri-neft ixracı 11,2 faiz artmış, strateji valyuta ehtiyatları 46 milyard dollar olmuşdur. Bu da xarici dövlət borcundan təxminən 10 dəfə çoxdur.
İcmal büdcənin gəlirləri 22,1 milyard manat və ya 101 faiz, xərcləri isə 19,6 milyard manat və ya 93,9 faiz icra olunmaqla 2,4 milyard manatdan çox profisit yaranmışdır. Dövlət büdcəsinin gəlirləri 17,3 milyard manat və ya 101,4 faiz icra olunmuş, bu da əvvəlki illə müqayisədə 10,1 faiz çox, xərcləri isə 17,0 milyard manat və ya 96,2 faiz icra edilsə də, əvvəlki illə müqayisədə 10,4 faiz çox olmuşdur. Ölkə iqtisadiyyatına yönəldilmiş investisiyaların həcmi 22.1 milyard ABŞ dolları olmuş, bundan 13.3 milyard daxili, 8.8 milyard isə xarici investisiya təşkil etmişdir.

Mustafayevin sözlərinə görə, Dövlət İnvestisiya Proqramı sosial və infrastruktur yönümlü olmaqla, əvvəlki illərdən fərqli olaraq ötən ilin dekabr ayında təsdiq edilmişdir ki, bu da icraya daha tez başlamağa və işlərin vaxtında və keyfiyyətlə başa çatdırılmasına əlavə imkanlar yaradacaqdır.

"Xaricdə yatırılan investisiyaların dinamikasında da müsbət irəliləyişlər əldə olunmuşdur. Belə ki, Azərbaycanın dövlət və özəl şirkətləri xarici ölkələrdə neft-kimya, qaz, yol və digər layihələrdə uğurla iştirak edir. Qeyri-neft sektorunun davamlı inkişafı istiqamətində apardığınız sənayeləşmə siyasəti nəticəsində qeyri-neft sənayesində 7,8 faiz illik artıma nail olunmuşdur. Ötən il ərzində Sumqayıt Texnologiyalar Parkında ağır maşınqayırma və dəqiq emal mərkəzləri zavodları, Gəncədə alüminium, Naxçıvan və Qaradağda sement zavodları, bərk məişət tullantılarının çeşidlənməsi və yandırılması zavodları da daxil olmaqla, 100-dək sənaye müəssisəsinin istifadəyə verilməsi, 90-dan artıq sənaye müəssisəsinin inşasının davam etdirilməsi qeyri-neft sektorunun inkişafında mühüm rol oynayır.
Növbəti illərdə də sənayeləşmə siyasəti çərçivəsində zəruri işlər, o cümlədən yeni neft-qaz və neft-kimya kompleksi, gəmiqayırma, gübrə zavodları və polad istehsalı kompleksinin yaradılması davam etdiriləcəkdir.
Sizin müvafiq sərəncamlarınıza əsasən yaradılmasına başlanılmış Balaxanı Sənaye, Sumqayıt Kimya-Sənaye və Sumqayıt Yüksək Texnologiyalar parkları müasir texnologiyalardan istifadə etməklə rəqabət qabiliyyətli və ixrac yönümlü yeni məhsul istehsalının artırılması, iş yerlərinin açılması, xarici investisiyaların cəlb edilməsi baxımından da böyük əhəmiyyət kəsb edir. Parkların yaradılması istiqamətində zəruri təşkilati işlər, normativ-hüquqi bazanın hazırlanması və digər tədbirlər həyata keçirilir" nazir çıxışında deyib.

Mustafayev qeyd edib ki, ölkədə elektrik enerjisi istehsalı 6,9 faiz artmış, elektrik verilişi xətlərinin çəkilişi davam etdirilmiş, yaşayış məntəqələrinə qaz xətlərinin çəkilişi və ya əsaslı təmiri aparılmış, alternativ və bərpa olunan enerji ilə təminat sahəsində "Azgüntex" günəş panelləri, "Füzuli" və "Qusar-1" su elektrik stansiyaları istifadəyə verilmişdir.
Həm alternativ enerji mənbəyi, həm ekoloji mühit, həm də qeyri-neft sənayesi üçün böyük əhəmiyyət kəsb edən Bərk məişət tullantılarının çeşidlənməsi və yandırılması zavodları istismara verilmiş və bununla da məişət tullantılarının idarə olunmasının mühüm bir mərhələsinə aid məsələlər öz müsbət həllini tapmışdır.

"Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində zəruri infrastrukturun qurulması, o cümlədən nəqliyyat, qaz, enerji, su, meliorasiya layihələri və təhsil, səhiyyə, mədəniyyət, idman və digər sosial sahələrdə layihələr həyata keçirilmişdir. Nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi məqsədi ilə magistral yolların, körpülərin, dəmir yollarının, yeni metro stansiyalarının, hava və dəniz limanlarının tikintisi davam etdirilir. Kənd yolları üzrə müvafiq sərəncamlarınıza əsasən ötən il 18 layihə üzrə işlərə başlanılmış və cari ildə bu işlərin tam başa çatdırılması nəzərdə tutulmuşdur. Bunun nəticəsində 634 kilometr kənd yollarının və 42 körpünün təmir-tikintisi başa çatdırılacaqdır ki, bu da respublikanın 18 rayonunun 450 min nəfər əhalisi olan 400 yaşayış məntəqəsini birləşdirir.
Bununla yanaşı, 61 şəhər və rayon mərkəzində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələri həyata keçirilir və cari ildə bu layihələrdən bir neçəsinin başa çatdırılması nəzərdə tutulur.
Cənab Prezident, Sizin regionlara mütəmadi səfərləriniz, il ərzində 250-dək müxtəlif təyinatlı obyektlərlə şəxsən tanış olmağınız və hər bir rayonun inkişafı ilə bağlı qarşıda duran spesifik vəzifələri müəyyən edərək, verdiyiniz tapşırıq və tövsiyələr regionların tarazlı inkişafının təmin edilməsində müstəsna rol oynamışdır.
Bütövlükdə, ötən il ərzində regionlarda 410-dan çox sənaye, kənd təsərrüfatı, xidmət və ticarət müəssisəsi fəaliyyətə başlamış, 400-dən çox müəssisəsinin isə tikintisi davam etdirilir" nazir deyib.

Mustafayev bildirib ki, ölkədə insan kapitalının inkişafı, əhalinin keyfiyyətli tibbi xidmətlə təmin olunması və digər sosial sahələr üzrə işlər diqqət mərkəzində saxlanılmış, il ərzində 268 məktəb, 62 bağça, 40 səhiyyə, 27 idman, 29 mədəniyyət və digər sosial obyekt tikilmiş və ya əsaslı təmir olunmuşdur. Hazırda 420-dən çox sosial obyektin təmir-tikintisi davam etdirilir.

"Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının uğurlu icrası Bakı qəsəbələrinin inkişafını sürətləndirmiş, əhalinin həyat səviyyəsi daha da yüksəlmişdir.
Qaz, su, kanalizasiya, enerji təminatı sahəsində mühüm işlər görülmüş, yaşayış binaları və istifadəyə verilmiş sosial obyektlərin istilik sistemi yenidən qurulmuş, qəsəbələrarası yollar təmir olunmuş, rayon və qəsəbədaxili yollara asfalt örtüyü salınmışdır. Proqram çərçivəsində 134 məktəb və 71 uşaq bağçası, 27 səhiyyə, 9 mədəniyyət və idman obyektində tikinti və əsaslı təmir işləri başa çatdırılmış, hazırda 85 sosial obyektin təmir-tikintisi isə davam etdirilir.
Həmişə olduğu kimi, Heydər Əliyev Fondunun təhsil, səhiyyə, mədəniyyət və digər sosial layihələrin reallaşdırılmasında mühüm rolu olmuşdur.
Əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramının icrası davam etdirilmiş, hesabat dövründə kənd təsərrüfatı sahəsində 5,8 faiz artıma nail olunmuş, bu sektora güzəştli kreditlərin, vergi güzəştlərinin, subsidiyaların verilməsi, aqrolizinq xidmətlərinin göstərilməsi və digər dövlət dəstəyi tədbirləri davam etdirilmişdir.
Quşçuluq, heyvandarlıq, taxılçılıq, üzümçülük təsərrüfatları, kənd təsərrüfatı məhsullarının istehsalı, tədarükü, saxlanması, emalı və satışı kompleksləri, aqroservislər yaradılmış, su təminatı və meliorativ tədbirlər görülmüş, bir sıra ərzaq məhsulları üzrə daxili istehsal artmış, mövsümlə əlaqədar istehlak qiymətləri kəskin dəyişməmiş və bu sahədə sabitliyə nail olunmuşdur. Ağcabədi və Beyləqan rayonlarında pilot taxılçılıq təsərrüfatı yaradılmış, bu mövsüm təsərrüfatda yüksək məhsuldarlıq əldə olunacaqdır.
Bu layihə çərçivəsində həm də taxıl anbarı, heyvandarlıq kompleksi, bitki yağları istehsalı zavodu və aqroservisin yaradılması da nəzərdə tutulur və layihələrdə əsasən məcburi köçkün və yerli sakinlər işlə təmin olunur.
Növbəti addım olaraq Cəlilabad, Beyləqan, Şamaxı və Hacıqabul rayonlarında da taxılçılıq təsərrüfatlarının yaradılması məqsədi ilə zəruri işlərə başlanılmışdır" Mustafayev çıxışında qeyd edib.

Onun sözlərinə görə,sahibkarlığın inkişafı daim diqqətdə saxlanılmışdır. İqtisadi İnkişaf Nazirliyi tərəfindən sahibkarlara göstərilən xidmətlər tamamən elektronlaşdırılmış, o cümlədən lisenziya və sertifikatların verilməsi və bu xidmətlərə görə dövlət rüsumlarının və haqların on-line rejimində elektron qaydada ödənilməsi təmin edilmişdir.

"Ötən ildən başlayaraq Vergilər Nazirliyi tərəfindən fərdi sahibkarlarla yanaşı, hüquqi şəxslərin də qeydiyyatı elektron qaydada həyata keçirilir. Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən fiziki şəxslərin gəlir vergisi üzrə vergi dərəcələri azaldılmış, sənaye və texnologiyalar parklarına vergi güzəştləri nəzərdə tutulmuşdur.
Sahibkarlığın maliyyə təminatı yaxşılaşmış, güzəştli kreditlərin həcmi artmışdır. Ötən il Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına 2400 sahibkara 218 milyon manat güzəştli kredit verilmişdir ki, bunun da 128 milyon manatı və ya təqribən 60 faizi qaytarılan vəsaitlər hesabınadır. Kreditlərin 68 faizi aqrar sektorun, 32 faizi isə sənaye və turizmin inkişafına ayrılmışdır. Bu kreditlər hesabına 9100-dək yeni iş yerinin yaradılması nəzərdə tutulur.
Bakı və onun qəsəbələri üzrə müvafiq proqramın qəbulundan ötən dövr ərzində 400 investisiya layihəsinin maliyyələşdirilməsinə 72 milyon manat güzəştli kredit verilmişdir.
Ümumilikdə, ötən il ərzində Fond tərəfindən maliyyələşdirilmiş 94 istehsal, emal və infrastruktur müəssisəsi fəaliyyətə başlamışdır ki, bunun da 84-ü aqrar sənaye kompleksləri, o cümlədən 15 quşçuluq, 7 heyvandarlıq, 4 ət emalı, 9 istixana, 11 kənd təsərrüfatı məhsullarının tədarükü, saxlanması və satışı kompleksi, 11 çörək zavodu, 7 üzümçülük, 2 iri taxılçılıq və 5 meyvə-tərəvəz emalı müəssisəsi, 10-u isə digər sənaye sahələri - metal konstruksiyalar zavodu, toxuculuq, parça boyama, tikiş, kağız və karton məhsulları istehsalı müəssisələridir" nazir deyib.

Mustafayev bildirib ki, ölkədə istehsal olunan rəqabətqabiliyyətli qeyri-neft məhsullarının mövcud və potensial xarici bazarlara ixrac imkanlarının daha da genişləndirilməsi məqsədi ilə ötən il yerli və xarici iş adamlarının və beynəlxalq tərəfdaşların iştirakı ilə 107-si xaricdə, 201-i isə daxildə olmaqla 308 tədbir keçirilmişdir.

"Azərbaycan İnvestisiya Şirkətinin iştirakı ilə ötən il ərzində Hövsanda süd emalı zavodu, "Holcim-Azərbaycan" yeni sement zavodu və Ağstafa Aqroservis müəssisəsi fəaliyyətə başlamış, Səngəçal neft və qaz terminalının və duz istehsalı zavodunun uğurlu fəaliyyətləri nəzərə alınaraq şirkət öz sərmayə payını digər tərəfdaşlara satmaqla bu layihələrdə missiyasını başa çatdırmışdır.
İstehlak bazarında keyfiyyətsiz və təhlükəli malların satışının və süni qiymət artımının qarşısının alınması məqsədi ilə həyata keçirilmiş nəzarət tədbirləri nəticəsində insanların həyat və sağlamlığı üçün təhlükəli olan 80 tondan artıq ərzaq malları dövriyyədən çıxarılmış, qanun pozuntusuna yol vermiş 2030 təsərrüfat subyektinə inzibati cərimə kəsilmiş, haqsız rəqabətə yol vermiş 72 təsərrüfat subyektinə qarşı qanuna müvafiq tədbirlər görülmüş, istehlakçıların və sahibkarların maarifləndirilməsi məqsədi ilə müvafiq tədbirlər həyata keçirilmişdir.
Möhtərəm cənab Prezident! Əldə edilmiş davamlı iqtisadi inkişaf əhalinin həyat səviyyəsinin daha da yaxşılaşmasına şərait yaratmış, ötən ilin eyni dövrü ilə müqayisədə əhalinin gəlirləri 13,8 faiz artmış, əhali gəlirlərinin artımı inflyasiyanı təxminən 13 faiz bəndi üstələmişdir. Yoxsulluq 6 faiz, işsizlik 5,2 faiz olmuş, 117 min yeni iş yeri açılmışdır. Ötən il ərzində orta aylıq əmək haqqı 9,1 faiz artaraq, 391,4 manat təşkil etmiş, əhalinin banklardakı əmanətləri 24,4 faiz artmışdır. Əmanətlərə görə faiz gəlirlərinin vergidən azadolma müddəti uzadılmışdır ki, bu da onların sərəncamında qalan vəsaitləri artıracaqdır.
Keçmiş SSRİ Bankının əmanətçiləri olan Azərbaycan vətəndaşlarına fərdi birdəfəlik ödəmələrin verilməsi, Sizin ölkə əhalisinin sosial rifah halının yaxşılaşdırılmasına yönəldilmiş siyasətinizin tərkib hissəsidir.
Möhtərəm cənab Prezident! Qazanılmış sosial-iqtisadi nailiyyətlər nüfuzlu beynəlxalq reytinq agentliklərinin hesabatlarında da öz əksini tapmış, "Doing Business-2013" hesabatında mövqeyimiz yaxşılaşmışdır. Dünya İqtisadi Forumunun hesabatında Azərbaycan dünyanın 50 ən rəqabətqabiliyyətli iqtisadiyyatları qrupuna daxil olmuş və son üç ildə olduğu kimi, MDB ölkələri arasında birincilik mövqeyini saxlamışdır.
Möhtərəm cənab Prezident! Həyata keçirilən ardıcıl və sistemli sosial-iqtisadi islahatların nəticəsi olaraq, sabit və dinamik inkişaf edən, etibarlı tərəfdaş bir ölkə kimi Azərbaycanın nüfuzu daha da artmışdır.
Tərəfinizdən təsdiq edilmiş "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında müəyyən etdiyiniz hədəflər bir daha göstərir ki, rəhbərliyinizlə bütün sahələri əhatə edən irimiqyaslı tədbirlərin həyata keçirilməsi bundan sonra da ölkəmizin davamlı inkişafını, onun dünyada mövqeyinin daha da möhkəmlənməsini və xalqımızın sosial-iqtisadi vəziyyətinin davamlı olaraq yaxşılaşmasını təmin edəcəkdir" nazir çıxışının sonunda deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti