...

Azərbaycanda vergi borclarının məbləği azalıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 Yanvar 2013 18:18 (UTC +04:00)
Vergilər Nazirliyi tərəfindən 2012-ci il ərzində vergi borclarının alınması sahəsində həyata keçirilmiş tədbirlər nəticəsində 2011-ci ildən qalan borclar da nəzərə alınmaqla ilin əvvəlinə mövcud olan borcların 17,1 faizi ləğv edilib.
Azərbaycanda vergi borclarının məbləği azalıb

Azərbaycan, Bakı, 31 yanvar /Trend/

Vergilər Nazirliyi tərəfindən 2012-ci il ərzində vergi borclarının alınması sahəsində həyata keçirilmiş tədbirlər nəticəsində 2011-ci ildən qalan borclar da nəzərə alınmaqla ilin əvvəlinə mövcud olan borcların 17,1 faizi ləğv edilib.

Nazirliyin Analitik-informasiya şöbəsindən Trend-ə verilən məlumata görə, 1 yanvar 2013-cü il tarixə dövlət büdcəsinə borc məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 501,9 milyon manat və ya 16,2 faiz azalıb. 2012-ci ilin əvvəlinə olan 9 min 471 borclu vergi ödəyicisi və hesabat dövründə borcu yaranmış 195 min 311 vergi ödəyicisi də nəzərə alınmaqla, görülmüş məlumatlandırma və izahat işləri nəticəsində 196 min 393 borclu vergi ödəyicisinin vergi borcları tamamilə ləğv edilib.

Ötən il dövlət büdcəsinə vergilər üzrə daxilolmaların 31,7 faizini borclu vergi ödəyiciləri üzrə gecikdirilmiş və məcburi alınma tədbirləri nəticəsində ödənişlər təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 94,6 milyon manat çoxdur.

2012-ci il ərzində vergi ödəyicilərinin dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin edilməsi məqsədilə vergi orqanları tərəfindən 51 min 30 sayda qərar açılıb və bu qərarların 95,2 faizi (2011-ci ilin müvafiq dövrü ilə müqayisədə 10,2 faiz çox) borclar ləğv edildiyi üçün bağlanılıb. Əmlakın siyahıya alınması barədə açılmış qərarlar üzrə 69,9 milyon manat məbləğində vəsaitin dövlət büdcəsinə ödənilməsi təmin edilib.

Vergi borclarını ödəmə tələbini qəbul etməyən 708 borclu vergi ödəyicisində keçirilmiş operativ vergi nəzarəti tədbirləri nəticəsində 637 borclu vergi ödəyici üzrə qanun pozuntusu aşkar edilərək 132,6 min manat məbləğində maliyyə sanksiyası tətbiq olunub. Vergi borclarının və hesablanmış maliyyə sanksiyasının 88,1 faizinin büdcəyə ödənilməsi təmin edilib.

Bundan əlavə, sahibkarlıq fəaliyyətlərini dayandırmaqla dövlət büdcəsi qarşısında öhdəlikləri tam icra etməyən fiziki şəxslərin borclarının onların mülkiyyətində (şəxsi istifadəsində) olan nəqliyyat vasitələrinə yönəldilməsi prosesi sürətləndirilib. Görülmüş tədbirlər nəticəsində bu cür nəqliyyat vasitələri müəyyən edilən 5 min 470 vergi ödəyicisinin 2 milyon 509,5 min manat məbləğində borc məbləğinin dövlət büdcəsinə alınması təmin edilib, 29 vergi ödəyicisinin müvafiq nəqliyyat vasitələri siyahıya alınıb, 99 vergi ödəyicisi tərəfindən nəqliyyat vasitələri siyahıya alınmaya təqdim edilmədiyi üçün üzərilərinə həbs qoyulmaqla onların cərimə meydançalarına yerləşdirilməsi barədə məhkəmə qərardadları çıxarılıb.

Hüquqi şəxslərdə təsisçi (payçı) kimi çıxış edən fiziki şəxslərin borclarının hüquqi şəxslərdəki paylarından tutulması məqsədilə 82 fiziki şəxsə qarşı məhkəmələrdə iddialar qaldırılıb. Bu iddialardan artıq 7-si üzrə borc məbləğinin hüquqi şəxsin əmlakındakı payına yönəldilməsi barədə qətnamə çıxarılıb, 3 iş üzrə isə borc məbləği ödənildiyindən müvafiq məhkəmə qərardadı qəbul olunub. Dövr ərzində görülmüş tədbirlər nəticəsində hüquqi şəxslərdə təsisçi (payçı) kimi çıxış edən 879 fiziki şəxs üzrə 543,5 min manat məbləğində borclarının dövlət büdcəsinə alınması təmin edilib.

1421 borclu vergi ödəyicisinin ölkədən getmə hüququnun məhdudlaşdırılması üçün aidiyyəti üzrə müraciətlər edilib, bunlardan 654 vergi ödəyicisi borclarını ödəyib, 53-nün ölkədən getmə hüququ məhdudlaşdırılıb. Qalan vergi ödəyiciləri barədə müvafiq strukturları tərəfindən tədbirlər görülməkdədir.

2012-ci il ərzində vergi borcunu ödəməkdən yayınmaya görə 16,6 milyon manat borc məbləği üzrə 222 vergi ödəyicisinin işi üzrə materiallar Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti