...

"Bank of Baku"nun yeni inkişaf planları

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Fevral 2013 13:41 (UTC +04:00)
"Bank of Baku"nun (www.bankofbaku.com) səhmdarları və Müşahidə Şurası bankın yeni strateji inkişaf proqramını təsdiq ediblər.
"Bank of Baku"nun yeni inkişaf planları

Azərbaycan, Bakı, 1 fevral /Trend/

"Bank of Baku"nun (www.bankofbaku.com) səhmdarları və Müşahidə Şurası bankın yeni strateji inkişaf proqramını təsdiq ediblər. Bankın cümə günü yaydığı məlumatda deyilir ki, proqramın əsas cəhətlərindən birini filiallar şəbəkəsinin genişləndirilməsi təşkil edir.

Bank tərəfindən daha 10 filial təsis ediləcək və beləliklə "Bank of Baku"nun paytaxt və regionlardakı filiallarının sayı 50%-dən çox artmış olacaq. Bundan savayı, "Bank of Baku"nun yeni baş ofisi üçün Bakıda sahəsi 10 000 kvadrat metr olan ərazidə binanın inşa edilməsi barədə qərar qəbul edilib. Eyni zamanda müştəri xidmətlərində texnoloji yeniliklərin, yeni bank məhsul və xidmətlərinin tətbiqi, kadr potensialının təkmilləşdirilməsi, bankın mövqelərinin qorunub saxlanılmasına xüsusi diqqət yetiriləcək.

Strateji inkişaf proqramına rəhbərlik etmək və qoyulmuş məqsədlərin vaxtında icrasına nail olmaq məqsədilə "Bank of Baku"nun Müşahidə Şurası baş direktor vəzifəsini təsis edib. Baş direktor birbaşa Müşahidə Şurasına tabe olacaq. Bu vəzifəyə daha öncə "Bank of Baku"nun İdarə Heyətinin sədri vəzifəsini tutmuş Fərid Əlizadə təyin edilib. Bankın İdarə Heyətinin üzvü kimi Fərid Əlizadə həmçinin inzibati sahəyə aid bütün məsələləri kurasiya edəcək.

"Son illər bizim təşkilat böyük uğurlar əldə edib və buna ən bariz nümunə yarım milyondan çox müştərimizin və yüzlərlə tərəfdaşımızın bizə sadiq qalmasıdır. O cümlədən, öz kateqoriyasında bizə ən yüksək reytinq vermiş "Moody's" beynəlxalq reytinq agentliyini qeyd etmək olar. Bankın biznes və strukturunun yeni inkişaf strategiyası bizim uğurun davamıdır. Yeni vəzifə önündə qoyulmuş hədəflərə çatmaq, xüsusi səlahiyyət və tam konsentrasiya tələb edən ambisiyalı bir məqsəddir", - "Bank of Baku"nun Baş direktoru Fərid Əlizadə deyib.

Uğurlu əməliyyat fəaliyyətinin təmini və onun davamlı inkişafı üçün son vaxtlara qədər bankın İdarə Heyəti sədrinin birinci müavini vəzifəsini tutmuş Fərid Hüseynov Müşahidə Şurasının qərarı ilə "Bank of Baku"nun İdarə Heyətinin sədri təyin edilib.

"Möhtəşəm kollektivin istedadı və zəhməti sayəsində bu gün "Bank of Baku" maliyyə sektorunun liderlərindən biridir. Biz strateji əhəmiyyətli məqsədləri yerinə yetirərək, texnoloji innovasiyalardan faydalanaraq və kadr potensialımızı inkişaf etdirərək öz uğurlu inkişafımızı davam etdirəcəyik", - "Bank of Baku"nun İdarə Heyətinin sədri Fərid Hüseynov deyib.

Açıq Səhmdar Cəmiyyət olan "Bank of Baku" 14 fevral 1994-cü ildə təsis edilib və Azərbaycanın ilk kommersiya banklarından biridir. Bank 19 filiala malikdir və onun xidmətlərindən 500. 000 müştəri istifadə edir. Moody's beynəlxalq reytinq agentliyi "Bank of Baku"-ya B2 səviyyəsində müsbət proqnoz reytinqi verib. Son 2 ildə bankın aktivləri 2 dəfə artaraq 500 milyon manatdan çox məbləğ təşkil edib. Bankın kapitalı isə 95 milyon manatı aşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti