Azərbaycan, Bakı, 3 mart /Trend/
Gürcüstanın kənd təsərrüfatı naziri David Kirvalidze bildirib ki, 2013-cü ildə Rusiyaya iri həcmdə şərab ixracı proqnozlaşdırılmır. Trend-in RİA Novostiyə istinadən yaydığı məlumatda bildirilir ki, Rusiya böyük və cəlbedici bazar olsa da, artıq gürcü iş adamları şərabların ixracı ilə bağlı 2013-cü ilin planını əvvəlcədən müəyyənləşdiriblər.
"Buna görə də, bu il Rusiya bazarına iri həcmli ixracın olacağını düşünmürəm. Payızda şirkətlər ilkin mərhələdən keçib qeydiyyata düşəndən sonra əlbəttə ki, yeni ixrac planı hazırlayacaqlar. Lakin ixracın həcmini yenə də biznes subyektləri müəyyənləşdirəcək" - deyə Kirvalidze söyləyib.
Məlumatda deyilir ki, bir müddət öncə Gürcüstanın kənd təsərrüfatı naziri şərab və mineral su istehsal edən 80-ə yaxın şirkətin Rusiyaya məhsul ixrac etmək niyyətində olduğunu demişdi.
Qeyd edək ki, Gürcüstanın şərab və mineral sularının Rusiyaya ixracı 2006-cı ildə qadağan olunub. Lakin Moskvada keçirilmiş danışıqların nəticəsində elan edilib ki, embarqo bu ilin payızında aradan qaldırıla bilər.